AZ

Mircavadov: “Ferentsvaroş”la oyunlarda bunu etmək olmaz”

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”nı məğlub edərək (5:1) pley-offa yüksəlib.

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov “Futbolpress.az”a açıqlamasında oyunu dəyərləndirdi:

“Qarabağ” yaxşı, həvəsli oynadı. “Şkendiya” ilə ilk oyunda da üstünlük təmsilçimizdə idi və qələbə qazanmışdılar. Cavab görüşündə komandanın axsayacağı gözlənilmirdi. Yaxşı, arzulu oyunla inamlı qələbə qazandılar. Düzdür, problemlər, səhvlər var, amma hələ mövsümün əvvəlidir və zamanla komanda daha yaxşı olacaq. Oyun haqda çox danışmaq olmur. “Qarabağ” “Şkendiya”dan aşkar üstün oldu və mərhələ keçdi”.

“Qarabağ” pley-offda Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq. İlk oyun Macarıstanda, cavab görüşü isə Bakıda olacaq. Mircavadov “atlılar”ın pley-off şanslarını dəyərləndirdi:

“Ferentsvaroş”un oyununu izlədim. Dünən “Ludoqorets”ə son dəqiqələrdə 2 qol daha vurdular. 1:0 idi və bu hesab onları qane edirdi. Buna baxmayaraq, hücumu artırıb yenə fərqləndilər. “Ferentsvaroş” “Qarabağ”ın daha əvvəl məğlub etdiyi kimi deyil. Dəyişikliklər var və komanda güclənib. Onları yaxşı təhlil etmək lazımdır.

“Qarabağ” səfərdə yaxşı oynayan komandadır. Buna görə ilk oyun çox vacib olacaq. Bilirsiz, “Qarabağ”ın bir oyun üslubu var və həmişə buna sadiqdirlər. Dəyişən təkcə oyunçular olur. Macarıstanda ələ düşəcək bütün fürsətlərdən maksimum yararlanmaq lazımdır. Avropa arenasında bu mühümdür. Məsələn, “Qarabağ” “Şkendiya” səfərində ilk hissədə 3-4 qol daha vura bilərdi, amma epizodlar boşa verildi. “Ferentsvaroş”la oyunda bunu etmək olmaz. Bəzən elə matçlar olur ki, 2-3 epizodun olur və bunu maksimum dəyərləndirməlisən. Əks halda, çətinlik yaşana bilər. İndi oyun haqda hansısa proqnoz vermək olmur. İnanıram ki, “Qarabağ” öz oyunu ilə yaxşı nəticələr əldə edəcək”.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
50
futbolpress.az

10Mənbələr