AZ

Qarabağa səfərlər yeni mərhələyə keçir: Xarici turistlər üçün - Yeni imkanlar

Qarabağa

Azərbaycanın işğaldan azad edilmiş əraziləri – Qarabağ və Şərqi Zəngəzur – artıq təkcə tarixi və mənəvi baxımdan deyil, həm də beynəlxalq turizm üçün cəlbedici istiqamət kimi diqqət mərkəzindədir. Regionun turizm potensialının reallaşdırılması istiqamətində atılan ardıcıl addımlar nəticəsində indi xarici ölkə vətəndaşları da fərdi minik avtomobilləri ilə bu ərazilərə səfər etmək imkanı əldə ediblər. Artıq “yolumuzgarabaga.az” portalı üzərindən müvafiq icazə almaqla Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi kimi mühüm istiqamətlərə fərdi səfərlər gerçəkləşdirilə bilər.

Bu yenilik yalnız turizmin genişlənməsi deyil, eyni zamanda regionda sosial-iqtisadi inkişafın sürətlənməsi baxımından da mühüm rol oynayacaq. İndi əcnəbi turistlər Qarabağın qədim tarixini və zəngin mədəni irsinə şahid olmaqla yanaşı, müasir infrastrukturun təqdim etdiyi rahatlıqdan da faydalana biləcəklər. Səfərlər zamanı təhlükəsizlik, informasiya təminatı və sadələşdirilmiş prosedurlar vasitəsilə rahat gediş-gəlişə zəmin yaradılır. Bu isə bölgənin turizm xəritəsində yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

Yeni icazə mexanizmi: Xarici turistlərə fərdi avtomobillərlə səfərə yaşıl işıq

AYNA-nın mətbuat katibi Tural Orucov “APA-Economics”ə bildirib ki, artıq "yolumuzgarabaga.az" portalı üzərindən müvafiq icazə almaqla xarici ölkələrin vətəndaşları da fərdi minik avtomobilləri ilə ilkin mərhələdə Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi istiqamətində səfər edə biləcəklər. Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq:

“Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikasının dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun avtonəqliyyat vasitələri nəzərdə tutulur. Bir minik avtomobilində sürücü də daxil olmaqla maksimum 9 (doqquz) nəfərin səfəri üçün icazə alına bilər. Səfər edən şəxslər ərazilərdə mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalıdırlar”.

Tural Orucov əlavə edib ki, xarici ölkələrin vətəndaşları, həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər. Bütün materiallar xarici dillərdə əlçatandır.

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva “APA-Economics”ə açıqlamasında bildirib ki, əcnəbilər işğaldan azad edilmiş ərazilərə qrup halında da səfər edə bilərlər. Qrup turları yalnız Turizm Reyestrində turoperator kimi qeydiyyatdan keçmiş turizm şirkətləri tərəfindən həyata keçiriləcək.

Gülnar Mustafayeva qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən xarici ölkələrin vətəndaşları əlavə icazə prosedurlarına ehtiyac olmadan əraziyə giriş hüququ əldə edəcəklər. Hotellərdə rezervasiya edən şəxslərə giriş icazəsinin avtomatik verilməsi, səfər edənlərin vaxtına qənaət etməklə yanaşı, onlara səfər planlarını daha çevik şəkildə həyata keçirmək imkanı yaradır. Hotel tərəfindən təqdim olunan bu xidmət əlavə alternativ və sadələşdirilmiş seçimdir, lakin rezervasiya etmək məcburi şərt deyil. Bu sadələşdirmə artıq bir neçə müddətdir ki, Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq olunur.

Azərbaycanın işğaldan azad edilmiş əraziləri beynəlxalq turizm üçün açılır

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, "Azərbaycan Ekoturizm Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi “APA-Economics”ə açıqlamasında bildirib ki, məlumat üçün bildirmək istərdim ki, 14 may 2025-ci ildə Qarabağa fərdi avtomobillərlə səfər istiqamətlərinin genişləndirilməsi ilə bağlı ilk məlumat yayılıb. Bu qərar nəticəsində Azərbaycan vətəndaşlarına yalnız Şuşa və Laçın deyil, həm də Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərəyə fərdi avtomobillərlə səfər etmək imkanı verildi. Bu addım regionun tədricən yerli əhali üçün açılmasının və iqtisadi canlanmanın başlanğıcı oldu.

Daha sonra, 8 iyul 2025-ci ildə yayımlanan məlumatda xarici vətəndaşların Qarabağa səfərlərinə icazə mexanizminin yaradılması barədə anons verildi. Bu, artıq beynəlxalq turistlərin regiona cəlb olunmasının planlaşdırıldığını göstərirdi və prosesin beynəlxalq mərhələyə keçəcəyinə öncədən işarə edirdi.

Samir Dübəndi qeyd edib ki, nəhayət, 21 iyul 2025-ci il tarixində xarici vətəndaşlar üçün Qarabağa səfər imkanlarının rəsmiləşdirildiyi xəbər yayımlandı – 23 iyuldan etibarən xarici qonaqlar “Yolumuz Qarabağa” portalında ingilis və rus dillərində müraciət edərək 5 gün müddətinə icazə ala biləcəklər.

“Bu ardıcıllıq Azərbaycanın Qarabağda bərpa və inkişaf siyasətinin mərhələli və sistemli şəkildə həyata keçirildiyini sübut edir: əvvəl yerli vətəndaşların səfərləri üçün imkanlar yaradıldı, ardınca xarici turistlər üçün mexanizm formalaşdırıldı. Bununla Azərbaycan həm daxili turizm bazarını canlandırır, həm də regionu beynəlxalq ictimaiyyətə açır. Məsələnin önəmi ondan ibarətdir ki, bu addımlar təkcə turizmin inkişafına xidmət etmir — eyni zamanda Qarabağda həyatın normallaşmasını, təhlükəsizliyin təmin olunduğunu və bərpa proseslərinin uğurla irəlilədiyini nümayiş etdirir. Bu, Azərbaycanın azad olunmuş ərazilərinin həm milli iqtisadiyyatın, həm də beynəlxalq əməkdaşlığın ayrılmaz hissəsinə çevrilməsinə yönəlmiş strateji yanaşmanın nümunəsidir” – deyə ekspert əlavə edib.

Qarabağa səfər zamanı təhlükəsizlik məsələsi ön plandadır

Turizm üzrə ekspert Əziz Şiriyev “APA-Economics”ə açıqlamasında bildirib ki, məlum olduğu kimi, azad edilmiş ərazilərə giriş “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalı üzərindən icazə almaqla mümkündür. İstər yerli, istərsə də xarici vətəndaşların azad edilmiş ərazilərə səfər etməsi təbii ki, turizmin inkişafına müsbət töhfə verəcək. Əlbəttə, xarici turistlərin Qarabağ və Şərqi Zəngəzurda olan gözəllikləri görməsi bu regionun sosial-iqtisadi inkişafına, mədəni irsimizin tanınması baxımından vacibdir.

“Bu ərazilərə səfər zamanı təhlükəsizlik məsələsi ön plandadır. Çünki 30 ildən sonra Qarabağ işğaldan azad edilib. Qarabağın bir sıra turizm növləri üzrə potensialı var. Turistlərin bu ərazilərə cəlb edilməsi əvvəlcədən planlaşdırılıb. Çünki onlar gözəllikləri öz gözləri ilə görsünlər, paylaşımlar etsinlər və bir daha göstərilsin ki, Qarabağ Azərbaycanın torpağıdır. Qısa müddət ərzində bu ərazilərin neçə cənnət məkana çevrilməsini bütün dünya görməlidir.

Düşünürəm ki, zamanla portal sistemi minimum həddə çatdırılacaq. Turistlərin portal sistemi ilə azad edilmiş ərazilərə səfər etməsi müvəqqəti haldır. Müvəqqəti hal ərzində mütəmadi olaraq yerli və xarici vətəndaşların səfərləri sistematik olaraq artan templə idarəçilik edilərək təşkil ediləcək”-deyə ekspert əlavə edib.

Nəticə olaraq Qarabağ və Şərqi Zəngəzura turizm səfərlərinin xarici vətəndaşlar üçün də mümkün olması regionun beynəlxalq səviyyədə tanıdılmasına, iqtisadi canlanmaya və sosial inkişafına təkan verəcək. Yeni qaydalar yalnız turizm sektorunun inkişafını deyil, həm də yerli sahibkarlığın genişlənməsini və əhalinin məşğulluğunun artmasını təmin edəcək. Yeni iş yerləri, daha güclü infrastruktur və genişlənən xidmət sektoru bölgədə sosial rifahın yüksəlməsinə şərait yaradacaq.

Qarabağ və Şərqi Zəngəzur artıq təkcə keçmişin izlərini yaşadan deyil, həm də gələcəyin ümidlərini özündə birləşdirən bir bölgəyə çevrilir. Əcnəbi turistlər burada zəngin tarix və mədəniyyətlə yanaşı, müasir inkişafın dinamikasını da eyni anda yaşayacaqlar. Bu isə Azərbaycanın turizm xəritəsində Qarabağın yeni bir parlaq səhifə kimi açıldığını sübut edir.

Seçilən
24
50
xalqcebhesi.az

10Mənbələr