Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında torpaq idarəçiliyi ilə bağlı mühüm məsələ qaldırılıb. İclas zamanı torpaqların təyinatının dəyişdirilməsi prosedurlarının sadələşdirilməsini və tikinti, həmçinin istehsal məqsədləri üçün torpaq ayrılması mexanizminin daha çevik və əlçatan şəkildə təşkil olunması təklif edilib. Qeyd olunub ki, bu təşəbbüsün həyata keçirilməsi torpaqdan istifadədə effektivliyi artırmaqla yanaşı, investisiya və sənaye layihələrinin reallaşmasına da müsbət təsir göstərə bilər.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov News24.az-a bildirib ki, sənaye sektorunun gücləndirilməsi üçün torpaqların təyinatının dəyişdirilməsi mexanizmləri sadə və sürətli olmalıdır:
“Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti çərçivəsində sənayenin inkişafı prioritet istiqamətlərdən biridir. Bu isə öz növbəsində yeni istehsal sahələrinin yaradılmasını və genişləndirilməsini tələb edir. Təbii ki, bu kontekstdə həm istehsal, həm inşaat, həm də tikinti işləri üçün daha çox torpağın ayrılması vacibdir. Amma hazırda torpağın təyinatının dəyişdirilməsi proseduru çox vaxt aparır və sahibkarlar bu səbəbdən investisiya planlarını həyata keçirməkdə çətinlik çəkirlər”.
Deputat qeyd edib ki, bir çox hallarda sahibkarlar mövcud sahələrində istehsalı genişləndirmək istəyir, lakin torpağın təyinatı buna imkan vermir:
“Bəzən sahibkar əlverişli əraziyə malikdir, lakin torpağın kənd təsərrüfatı və ya başqa təyinatda olması səbəbindən sənaye və istehsal fəaliyyəti apara bilmir. Təyinatın dəyişdirilməsi isə aylarla, bəzən illərlə çəkir. Bu da iqtisadi aktivliyi ləngidir”.
Vüqar Bayramov vurğulayıb ki, onların təklifi bu prosedurun daha çevik və şəffaf şəkildə həyata keçirilməsinə yönəlib:
“Biz torpağın təyinatının dəyişdirilməsi prosesinin hüquqi və inzibati baxımdan sadələşdirilməsini təklif edirik. Bu, sahibkarlığın inkişafına və iqtisadiyyatın real sektorunda canlanmaya səbəb olacaq. Məqsədimiz odur ki, torpağın təyinatı daha qısa müddətdə və daha az bürokratik maneələrlə dəyişdirilə bilsin”.