ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
"China Media Group"un əməkdaşı Vanq Delu Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
O bildirib ki, Xankəndiyə səfəri zamanı gördüyü mənzərələr gözlədiyindən daha təsiredici olub:
"Təəssüratlarım çox gözəldir. Bu cür mənzərə ilə qarşılaşacağımı düşünmürdüm. Xəbərlə işlədiyim üçün 44 günlük savaşı da diqqətlə izləmişdim. Bilirik ki, Azərbaycan qələbə qazandı və torpaqlarını işğaldan azad etdi, amma insanların hissləri barədə məlumatsız idik. Şəhərdə gəzərkən yaşlı insanlarla da görüşdük. Onlar 33 il əvvəl doğma yurdlarını tərk etməyə məcbur olmuş şəxslərdir. İndi isə vətənlərinə qayıdıblar və bu, təkcə onların rifahı yox, bütövlükdə dövlət üçün mühüm hadisədir".
Vanq Delu qeyd edib ki, jurnalist kimi onlar da regionun inkişafına dair mövcud yanaşmaların dəyişdirilməsinin vacibliyini anlayıblar:
"Bu, yalnız Qarabağ deyil, ümumilikdə Cənubi Qafqaz üçün əhəmiyyətlidir. Region çəkişmə meydanından əməkdaşlıq zonasına çevrilir. Prezident İlham Əliyev də sualları cavablandırarkən "biz qonşularımızın da maraqlarını nəzərə alırıq" demişdi. Sizin Prezident inkişaf üçün yeni yol açıb".
Çinli jurnalist, həmçinin, Azərbaycanın tranzit imkanlarının genişlənməsinə diqqət çəkib:
"Çinin reallaşdırdığı "Bir kəmər, bir yol" layihəsi çox önəmlidir. 2025-ci ilin ilk yarısında Azərbaycan vasitəsilə yükdaşımalar nəzərəçarpacaq dərəcədə artıb. Çindən yola çıxan mallar Azərbaycandan keçərək Türkiyəyə, oradan isə Avropaya daşınır. Bu, çox gözəl göstəricidir".
Çinli jurnalist: "Region çəkişmə meydanından əməkdaşlıq zonasına çevrilir"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.