Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirdi ki, xarici vətəndaşlara işğaldan azad olunmuş ərazilərə icazə verilməsi bölgədə turizmin inkişafına ciddi müsbət təsir göstərəcək:
"Bu qərar yalnız turizm sahəsinin canlanması ilə yekunlaşmır, eyni zamanda regionun sosial-iqtisadi inkişafına, beynəlxalq nüfuzunun artmasına və Qarabağın dünyaya tanıdılmasına xidmət edir. Bu prosesin müsbət təsirləri bir neçə əsas istiqamət üzrə özünü göstərə bilər.
İlk növbədə, beynəlxalq marağın artması müşahidə olunacaq. Qarabağ və Şərqi Zəngəzur uzun illər ərzində qapalı, məhdud girişli zonalar olub. Bu səbəbdən həmin ərazilər xarici turistlər üçün yeni və kəşf olunmamış turizm istiqaməti kimi maraq doğurur. Təbii gözəlliklər, tarixi abidələr, dağ və kənd turizmi imkanları, eyni zamanda zəngin mədəni irs bu regionu cəlbedici turizm məkanına çevirir. Bununla yanaşı, iqtisadi canlanma baş verəcək. Xarici turistlərin bölgəyə axını nəticəsində valyuta dövriyyəsi artacaq, bu isə birbaşa olaraq otelçilik, nəqliyyat, ictimai iaşə obyektləri, yerli sənətkarlıq və kənd təsərrüfatı məhsullarının satışına yeni imkanlar yaradacaq. Nəticədə, əhali üçün yeni iş yerləri açılacaq, regionun iqtisadi strukturu daha da güclənəcək".
Ekspert qeyd etdi ki, bu proses bölgənin beynəlxalq arenada tanıdılmasına geniş imkanlar yaradacaq:
"Xarici turistlərin səfərləri zamanı çəkdikləri foto və videolar, sosial şəbəkələrdə paylaşdıqları təəssüratlar Qarabağın real potensialını dünyaya tanıdacaq. Bu, həm də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən mədəni və sosial mesajların yayılmasına xidmət edəcək. Bölgədə təhlükəsizlik və sabitlik imicinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Xarici vətəndaşların təhlükəsiz və rahat səfərləri Qarabağın inkişaf edən, sabit və gələcəyə inamla baxan bir məkan olduğunu sübut edəcək. Bu, digər potensial turistlər və investorlar üçün də müsbət siqnaldır və daha geniş turizm axınının əsasını qoyacaq".
Müsahibimizin fikrincə, turist axını artdıqca, dövlət və özəl sektorun diqqəti infrastruktur layihələrinə yönələcək.
"Yolların çəkilməsi, yeni hotellərin və informasiya mərkəzlərinin tikilməsi, xidmət sahələrinin modernləşdirilməsi regionun turizm potensialını daha da gücləndirəcək. Bu da uzunmüddətli perspektivdə həm turizm sektorunun, həm də ümumilikdə bölgənin davamlı inkişafına töhfə verəcək.
Nəticə etibarilə, xarici vətəndaşlara səfər icazələrinin genişləndirilməsi yalnız turizmə deyil, eyni zamanda bölgənin sosial-iqtisadi dirçəlişinə, mədəni irsinin tanıdılmasına və beynəlxalq nüfuzunun artmasına güclü təsir göstərəcək. Bu isə Qarabağın yenidənqurma və inkişaf prosesində əhəmiyyətli mərhələlərdən biri olacaq", - deyə Rəhman Quliyev bildirdi.
Xədicə BAXIŞLI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.