Berlin, 21 iyul, AZƏRTAC
Avropa İttifaqı (Aİ) limanlarında hərəkət edən konteyner gəmiləri 2024-cü ildə havaya təxminən 53 milyon ton karbon emissiyası buraxıb ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Bu göstərici təxminən Yunanıstanın illik CO2 emissiyalarına bərabərdir.
AZƏRTAC xəbər verir ki, bu, Danimarkanın “Sea-Intelligence” şirkətinin Aİ-nin məlumatlarına əsasən apardığı tədqiqatın nəticələrində əksini tapıb.
Karbon emissiyalarının həcmi 2018-2023-cü illərdə ildən-ilə azaldığı halda ötən il 2023-cü illə müqayisədə 45 faiz artıb. “Sea-Intelligence” şirkəti bildirib ki, bu artımın əsas səbəbi Husi silahlı birləşmələrinin hücumları ilə bağlıdır. Bu hücumlarla əlaqədar gəmilər daha uzun yollarla hərəkət etməsinə və nəticədə karbon emissiyalarının artmasına, iqlimə zərər vurmasına səbəb olur. Marşrutun uzanması konteyner gəmiçiliyində əlavə 18 milyon ton CO2 emissiyasının yaranmasına səbəb olur.
Husi qruplaşmasının hücumu nəticəsində Qırmızı dənizdə konteyner daşımaları demək olar ki, dayanıb. Bir çox gəmi Afrikanın cənub ucundakı Ümid burnu ətrafından dövrə vuraraq uzun marşrutla hərəkət edir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin