AZ

Almaniya Avropa İttifaqının iki trilyon avroluq büdcə planını tənqid edib

Berlin, 17 iyul, AZƏRTAC

Almaniya hökuməti Avropa Komissiyasının gələcək büdcə planlarına dair əsas təkliflərini tənqid edib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, hökumət sözçüsü Stefan Kornelius Almaniya hökumətinin komissiyanın təklifini qəbul edə bilməyəcəyini açıqlayıb.

“Bütün üzv dövlətlər milli büdcələrin sabitləşdirilməsi üçün ciddi səylər göstərdiyi bir dövrdə Avropa İttifaqının büdcəsinin geniş şəkildə artırılmasını əsaslandırmaq mümkün deyil”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Avropa Komissiyası 2028–2034-cü illər üçün iki trilyon avroluq büdcə təklif edir. Bu, hazırkı yeddi illik büdcə dövrü ilə müqayisədə təxminən 700 milyard avro çoxdur. Təklifdə xüsusilə müdafiə və rəqabət qabiliyyətinin artırılması üçün daha çox vəsaitin ayrılması planlaşdırılır. İqtisadi cəhətdən Aİ-nin ən güclü ölkəsi olan Almaniya adətən ümumi büdcəyə təxminən dörddəbir payla töhfə verir.

Aİ büdcəsi üçün yeni gəlir mənbələrindən biri kimi komissiya illik dövriyyəsi 100 milyon avrodan çox olan böyük şirkətlərə vergi tətbiq olunmasını təklif edir. Bu vergi üzv ölkələrin büdcələrinə yükü azaltmağı hədəfləsə də, Almaniya bu təklifi də dəstəkləmir. Lakin Almaniya hökuməti komissiyanın islahatyönümlü yanaşmasını, xüsusilə, büdcənin yeni prioritetlərə, o cümlədən rəqabət qabiliyyətinə və müdafiə hazırlığına yönəldilməsini müsbət qiymətləndirir.

İqtisadi birliklər isə şirkətlərə yönəlik vergi qaydalarına tənqidi yanaşır.

Almaniya və Avropadakı avtomobil istehsalçılarının hazırda çox çətin iqtisadi vəziyyətdə olması ilə əlaqədar istənilən vergi artımının və ya əlavə rüsum tətbiqinin yolverilməz olduğu qeyd edilib.

Ətraf mühitin mühafizəsi təşkilatları isə büdcə layihəsini öz maraqlarının kifayət qədər nəzərə alınmamasına, ekologiyanın qorunması sahəsində planlaşdırılan ixtisarlara görə tənqid ediblər.

Avropa Komissiyanın Prezidenti Ursula Fon der Lyayenin ötən gün açıqladığı büdcə layihəsi ilə bağlı qızğın müzakirələr aparılır. Bu məsələ ilə bağlı Aİ-yə üzv ölkələr və Avropa Parlamenti arasında çətin danışıqlar gözlənilir.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
19
1
azertag.az

2Mənbələr