Bakı, 17 iyul, AZƏRTAC
Belçika NATO-nun şərq cinahının gücləndirilməsi məqsədilə iyulun sonunda Litvaya 200-dən çox hərbçi göndərəcək.
AZƏRTAC xəbər verir ki, “Soir” nəşri bu barədə Belçikanın müdafiə naziri Teo Frankenə istinadla məlumat yayıb.
Belçikalı hərbçilərin Litvada yerləşdirilməsi NATO-nun 2016-cı ildən tətbiq etdiyi “Genişləndirilmiş qabaqcıl mövcudluq” missiyasının bir hissəsidir. Bu təşəbbüs Rusiya ilə münasibətlərdə gərginliyin artması fonunda Baltikyanı ölkələrdə NATO qüvvələrinin gücləndirilməsini nəzərdə tutur.
Nazirin sözlərinə görə, Belçika silahlı qüvvələrinin Litvadakı missiyası altı ay davam edəcək və gələn il yanvar ayının sonunda başa çatacaq. Teo Franken belçikalı hərbçilərin bölgəyə göndərilməsi ilə bağlı müraciətin Almaniya tərəfindən edildiyini bildirib.
Qeyd edək ki, missiyanın həyata keçirilməsi üçün Belçika federal nazirlər kabinetinin rəsmi təsdiqi tələb olunur.