AZ

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

BAKI, TurkicWorld

Hatayda ikinci gündür davam edən meşə yanğını genişlənir.

TurkicWorld xəbər verir ki, Türkiyənin Hatay vilayətinin Dörtyol rayonundakı Çökek Yaylasının Kırmızıburun ərazisində baş verən meşə yanğını ikinci gündə də nəzarətə alınmayıb.

Gecə saatlarında küləyin təsiri ilə sürətlə yayılan alovlar Payas məhəlləsinə doğru irəliləyib, yaxınlıqdakı yaşayış məntəqələrinə təhlükə yaradıb.

Yanğının yayılması səbəbindən 9 yaylada yerləşən 920 ev boşaldılıb, 1870 sakin təxliyə olunub. Hazırda 404 texnika və 1100 nəfərlik heyət yer səviyyəsində, hava vasitələri isə gün işığı ilə yenidən havadan söndürmə işlərinə başlayıb. Küləyin sürətinin azalması ilə alovların yayılma tempinin zəiflədiyi bildirilir.

Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı və Daxili İşlər Naziri Ali Yerlikaya son günlərdə ölkənin müxtəlif bölgələrində ümumilikdə 65 meşə yanğını baş verdiyini və onların 10-nun böyük miqyaslı olduğunu açıqlayıblar. Nazir Yerlikaya bildirib ki, aparılan istintaqlarla bağlı 44 şübhəli saxlanılıb, 10 nəfər həbs edilib.

Qeyd edək ki, İzmir, Bursa, Əskişəhər, Kahramanmaraş və Çanaqqalada da meşə yanğınları baş verib, lakin həmin bölgələrdə vəziyyət nəzarət altına alınıb.

Seçilən
17
39
turkic.world

10Mənbələr