AZ

Rəvan Həsənov: Azərbaycanda hər bir xalqın mədəniyyəti, dili, ənənəsi, inancı qorunub saxlanılır VİDEO

Şəki, 4 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Şəki həmişə müxtəlif mədəniyyətləri, inancları birləşdirən məkan olub. Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində açılış konsertinin məhz Azərbaycanda yaşayan bütün xalqların musiqi, rəqs, folklor nümunələrinə həsr olunması çox əlamətdardır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov Şəkidə jurnalistlərə müsahibəsində deyib.

İcraçı direktor bildirib ki, konsertdə ləzgi, talış, avar, tat, malakan və digər xalqların musiqiləri, mədəniyyət nümunələri nümayiş etdirilir. “Bu, əslində yalnız musiqi nümunələri deyil, eyni zamanda, böyük bir mesajdır. Həm də Azərbaycan reallığının göstəricisidir ki, bizdə hər bir xalqın mədəniyyəti, dili, ənənəsi, inancı qorunub saxlanılır və Prezident İlham Əliyev bunu dövlət siyasəti müstəvisində həyata keçirir. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, bir xalq nə qədər çox mədəniyyəti birləşdirərsə, bu, onun üçün sərvətdir. Bu kəlam Azərbaycan multikulturalizminin əsas şüarını təşkil edir. Bu gün də onun canlı şahidi olduq. Fərqli dillərdə səslənən musiqilər bir ritm yaradır. O ritm də Azərbaycan ritmidir. Bu isə çox önəmlidir”, - deyə Rəvan Həsənov vurğulayıb.

Qeyd edək ki, iyulun 4-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramına - Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib. “Yuxarı Karvansaray” mehmanxana kompleksində musiqisevərlərə ilk konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivləri rəngarəng proqramla çıxış ediblər.

 

Seçilən
3
25
azertag.az

10Mənbələr