Bu gün musiqiyə çıxış heç vaxt olmadığı qədər asandır, bir kliklə milyonlarla mahnıya qulaq asmaq mümkündür. Amma tarixdə elə bir musiqi əsəri var ki, onu dinləmək hüququ yalnız bir nəfərə məxsus olub. Nə Spotify-də, nə YouTube-da, nə də başqa bir platformada bu səslə tanış olmaq mümkündür. Üstəlik bu albom milyonlarla dollara satılıb və onun kommersiya məqsədilə dinlənilməsi 2103-cü ilə qədər hüquqi cəhətdən qadağandır.
Valyuta.az xəbər verir ki, söhbət ABŞ-ın əfsanəvi rep qrupu "Wu-Tang Clan" tərəfindən hazırlanmış və dünya musiqi tarixində tayı-bərabəri olmayan “Once Upon a Time in Shaolin” adlı albomdan gedir.
Bir albom, bir nüsxə, bir alıcı
Albomun yaradılması 2006-cı ildə başlayıb və 2013-cü ildə yekunlaşıb. 2014-cü ildə isə fiziki formada - yalnız bir nüsxədə, xüsusi hazırlanmış metal qutuya yerləşdirilərək ictimaiyyətə təqdim olunub. Bu musiqi əsəri kommersiya məhsulu yox, sənət obyekti kimi nəzərdə tutulub və musiqidən çox kulturoloji və kolleksiya dəyəri ilə qiymətləndirilib.
2015-ci ildə bu albom 2 milyon ABŞ dolları qarşılığında amerikalı investor və biofarmasevtika şirkətinin rəhbəri Martin Şkreli tərəfindən satın alınıb. Həmin dövrdə bu, musiqi tarixində ən yüksək qiymətə satılmış əsər hesab olunurdu.
Şübhəli sahib və ictimai narazılıq
Albomun satışından sonra yaranan ilk böyük mübahisə də məhz alıcı şəxsiyyətindən qaynaqlanıb. Martin Şkreli ABŞ-də dərman qiymətlərini süni şəkildə artırmaqla geniş ictimai qınağa tuş gəlmişdi. Daha sonra isə o, maliyyə dələduzluğuna görə həbs olunub. Onun kimi bir şəxsin belə nadir sənət əsərinə sahib çıxması təkcə ictimaiyyətin deyil, Wu-Tang Clan üzvlərinin də narazılığına səbəb olmuşdu.
Eyni zamanda, bir çox musiqi tənqidçiləri və sənət adamları bu albomun yalnız bir nəfərin mülkiyyətinə verilməsini musiqi sənətinin əsas prinsiplərinə zidd hesab etmişdilər. Musiqinin ümumi və açıq sənət növü olduğu, onun yalnız seçilmiş bir şəxsin qapalı kolleksiyasına çevrilməsinin "elitist" və ictimai dəyəri aşağılayan bir yanaşma olduğu vurğulanırdı.
Hökumət müdaxiləsi və ikinci satış
2017-ci ildə Martin Şkreli həbs olunduqdan sonra ABŞ hökuməti onun aktivlərini, o cümlədən “Once Upon a Time in Shaolin” albomunu da müsadirə etdi. Uzun müddət qeyri-müəyyənlik içində saxlanılan albom nəhayət 2021-ci ildə təxminən 4 milyon dollara - 6 milyon 800 AZN NFT əsaslı kollektiv olan "PleasrDAO" tərəfindən satın alındı.
Beləliklə, albom rəsmən dünyanın ən bahalı musiqi əsəri statusunu qazandı. Lakin onu satın alan yeni sahiblər də musiqini ictimaiyyətə təqdim edə bilməzlər. Çünki 2103-cü ilə qədər bu əsərin kommersiya yayımı hüquqi müqavilə ilə qadağan olunub. Albomun 2103-cü ilə qədər yayımlanmasının qadağan olunmasının səbəbi, albomun ideyasının özündə gizlidir və bu qərar həm sənət konsepsiyası, həm də hüquqi müqavilə çərçivəsində müəyyən edilib.
Sənət və bazar arasında sıxılmış musiqi
Albomun yaradılması və satışı təkcə musiqi dünyasında deyil, həm də mədəniyyət fəlsəfəsi və bazar iqtisadiyyatı kontekstində müzakirələrə səbəb olub. Bəziləri bunu musiqinin sənətdən çox kommersiya obyektinə çevrilməsi kimi qiymətləndirir, digərləri isə bu hadisəni musiqiyə verilən yeni dəyərin və mülkiyyət anlayışının göstəricisi kimi müdafiə edir.
Eyni zamanda, 2103-cü ilə qədər yayıma qoyulan qadağa da geniş mübahisə doğurub. Ekspertlər bu müddətin həddindən artıq uzun və qeyri-real olduğunu bildirir, bəzi sənətşünaslar isə bunu musiqi azadlığına qarşı atılmış addım kimi dəyərləndirirlər.
“Once Upon a Time in Shaolin” bu gün yalnız bahalı bir albom deyil, həm də müasir dövrdə musiqinin dəyəri, mədəniyyətin sahibliyi və sənətə çıxış hüququ kimi məsələləri gündəmə gətirən bir fenomenə çevrilib. O, musiqinin yalnız dinləmək üçün deyil, həm də müzakirə etmək üçün yaradıldığını sübut edən nadir nümunədir.
Sərvanə Rəmixanova