"Azərbaycan dövləti harda olmasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, dünyada yaşayan bütün azərbaycanlıların hüquqlarını və mənafelərini qoruyur və bundan sonra da qorumaqda davam edəcək.
Azərbaycan Prezidenti çıxışlarının birində də bildirmişdi: “Mən dünyada yaşayan bütün azərbaycanlıların prezidentiyəm.”
Milli Məclisin deputatı Hikmət Babaoğlu bu sözləri News365.az-a açıqlamasında deyib.
"Rusiyada xalqımıza qarşı törədilən ağır cinayətlər və təzyiqlər kontekstində Azərbaycan bir daha milli maraqlardan çıxış edərək onların hüquqlarını müdafiə etmək üçün bütün addımları atıb və bundan sonra da atacaq.
Təbii ki, bu gün azərbaycanlılar Rusiyada yaşamaqla, bu ölkənin vətəndaşı olmaqla və ya miqrant statusunda orada qalmaqla Rusiya iqtisadiyyatının bir parçasına çevriliblər. Onlar Rusiyanın mədəni, mənəvi, elmi və ictimai həyatında da fəal iştirak edirlər. Buna görə də hər şeydən əvvəl onların hüquqları Rusiya Federasiyasının qanunları çərçivəsində qorunmalıdır.
Lakin nəzərə almaq lazımdır ki, əgər bu baş verməzsə, bu, Rusiya dövlətçiliyinə ciddi zərbə olar. Son günlər baş verən hadisələr fonunda biz Rusiya rəsmilərinin ziddiyətli açıqlamalarını eşitdik. Ümid edirik ki, bu kimi hallara gərginliklər çox davam etməz və etməməlidir.
Rusiyada yaşayan bütün xalqların hüquqları necə qorunursa, orada yaşayan müsəlman xalqların hüquqları da eyni cür qorunmalıdır. Nəticə etibarilə dövlət-vətəndaş münasibətlərindən söhbət gedirsə bu belə olmalıdır və gec-tez Rusiya şüphəsizki buna qayıtmağa məcbur olacaqdır.
Bu kontekstdə Rusiyada ticarətlə məşğul olan və ya digər iqtisadi fəaliyyət göstərən vətəndaşlarımızın da hüquqları qorunacaq və yenidən bərpa olunacaqdır."-deyə fikirlərini bildirib.