AZ

Deputat: “Azərbaycanla diplomatik böhranın səbəbkarı Rusiyanın özündür” - SƏRH

Deputat:
“Azərbaycan ilə Rusiya arasında diplomatik böhran yaşanmaqdadır və bunun əsas səbəbkarı Rusiyanın özüdür”. Bu fikirləri 1news.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov bildirib.
“Yekaterinburq şəhərində Azərbaycan diasporasının üzvlərinə qarşı törədilən ağır cinayətin izlərinin Rusiya hakimiyyətinə çıxması və günahkarların indiyədək cəzalandırılmaması rəsmi Moskva ilə Bakı arasında ciddi diplomatik böhrana səbəb olub. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı ciddi narahatlıq keçirir və cinayətkarların ədalət qarşısında cavab verməsini tələb edir. Kreml isə hələ də susqunluq nümayiş etdirir”. O əlavə edib ki, belə bir vəziyyətdə ölkədə rusdilli məktəblərin dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılması ilə bağlı təkliflər səsləndirilir: “Eyni zamanda, Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması məsələsi də gündəmə gətirilib. Əvvəla qeyd etməliyəm ki, ölkəmizdə rusdilli məktəblərin mövcudluğu dövlət siyasətidir və bu, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinə əsaslanır. Təbii ki, bu məktəblərin fəaliyyətini dəstəkləyənlər olduğu kimi, əleyhdarları da var. Rusiya Azərbaycana qarşı qeyri-dost mövqe nümayiş etdirdikcə, rus məktəblərinin dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılmasını tələb edənlərin sayı artır. Bu, Rusiyaya lazımdırmı? Kreml üçün faydalıdırmı? Əlbəttə ki, yox! Belə olan halda, anti-Azərbaycan siyasətinə son qoyulmalıdır”. Deputat qeyd edib ki, bu gün Rusiyanın dünyada dostlarının sayı iki əlin barmaqlarını keçmir: “Azərbaycan kimi strateji müttəfiqi itirmək Rusiyaya nə vəd edir? Fizikada deyildiyi kimi, təsir əks-təsirə bərabərdir. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisə ilə bağlı çox sərt bəyanat yayıb. Milli Məclisin üzvlərinin Rusiya Dövlət Dumasına səfəri təxirə salınıb. Mədəniyyət Nazirliyi Rusiyada keçirilməsi planlaşdırılan bir sıra tədbirlərdə iştirakdan imtina edib. Gərginlik artmaqda davam edir. Nə qədər ki, cinayətkarlar cəzalandırılmayıb, münasibətlərdə irəliləyiş gözləmək çətindir. Əksinə, münasibətlərin bərpasını əngəlləyən yeni proseslər baş qaldıra bilər. Bütün hallarda məsuliyyət Rusiyanın üzərinə düşəcək”.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın təşkil ediblər. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, çoxsaylı azərbaycanlı saxlanılıb.

Seçilən
28
50
1news.az

10Mənbələr