"Azərbaycan-Rusiya münasibətlərində zaman-zaman maraq toqquşmaları baş versə də, bu dəfəki gərginliyin birbaşa ictimai müstəviyə çıxması və Rusiya güc strukturlarının fəaliyyəti bu münasibətlərin yeni mərhələyə keçdiyini göstərir".
Moderator.az bildirir ki, bunu "Report"a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O qeyd edib ki, Yekaterinburqda baş verən məlum hadisə sadəcə bir kriminal xəbər kimi təqdim olunsa da, bu hadisə dərin siyasi alt qatlara malikdir.
Politoloqun sözlərinə görə, bu cür kobud davranış açıq şəkildə Azərbaycana qarşı gözlənilən diaspora kartından istifadə etmək deməkdir. İtaətsizlik olmadığı halda, polisin onlara qarşı vəhşiliyi çox ciddi və kobud cinayətdir.
Z.Məmmədov Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyduğunu, bu mərhələdə Kremlin öz təsir gücünü saxlamaq üçün daha açıq və sərt alətlərdən istifadə etməyə başladığına diqqət çəkib:

"Bu kontekstdə OMON hadisəsi sadəcə insident deyil, Bakıya qarşı tətbiq edilən siyasi siqnalın bir formasıdır. Bu hadisələrin fonunda Azərbaycan balanslaşdırılmış, lakin prinsipial mövqeyini qorumaqla bölgədəki lider rolunu daha da gücləndirir və postmüharibə dövrünün real geosiyasi arxitekturasını müəyyənləşdirən əsas aktorlardan birinə çevrilir. Azərbaycan postmüharibə dövründə Rusiya üçün bir sıra strateji jestlər və mövqelər ortaya qoydu, amma sual yaranır. Bakının bu cür addımları ola-ola Rusiya niyə bölgədəki proseslərə maksimalist davranır? Rusiya iki məsələdə çox həssasdır. Birincisi, MDB məkanında dövlətlərin ərazilərinin Qərbin hərbi-siyasi çətirinə keçməməsi və ikincisi, dövlətlərin Qərbin hərbi-siyasi təşkilatlarına üzv olmaması. Məgər bu iki məsələ ilə bağlı Azərbaycan və Rusiya arasında ziddiyyət varmı? Xeyr. Əksinə, bir çox məsələlərdə hər iki dövlətin maraqları və baxış bucaqları üst-üstə düşür".
O əlavə edib ki, Azərbaycan Rusiya əleyhinə sanksiyalara qoşulmayıb:
"Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Rusiya mallarının İran və Hindistana çıxışı Azərbaycan üzərindən təmin olunub. Azərbaycan dəmiryolu və tranzit siyasəti ilə Rusiyaya alternativ nəqliyyat imkanları yaradıb. Rusiya üçün ciddi qıcıq doğuracaq heç bir məsələ yoxdur. Görünür, oradakı bəzi qüvvələr Qafqaz siyasəti ilə bağlı ciddi yalnışlığa yol verirlər. Azərbaycanın siyasəti regionda etibarlı, lakin müstəqil qərar verən aktora çevirib. Bu, həm Rusiyaya, həm də digər güclərə açıq mesajdır: Qafqazın gələcəyi Bakının iştirakı olmadan müəyyənləşə bilməz".