AZ

Paşinyan–Ərdoğan görüşü: Ermənistanın sülh ritorikası real siyasi kursa çevrilirmi?-TƏHLİL

İstanbulda Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüş Cənubi Qafqazda geosiyasi proseslərin yeni mərhələyə keçidini ehtiva edən mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər.

Musavat.com xəbər verir ki, tərəflərin həm Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması, həm də Ermənistan–Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparması görüşün sadəcə protokol xarakteri daşımadığını, strateji hədəflərə hesablandığını göstərir.

Bu görüş bir neçə mühüm kontekstdə baş tutur. Birincisi, Ermənistan–Türkiyə münasibətlərində uzun illərdən bəri dondurulmuş diplomatik kanalların son iki ildə yenidən canlandırılması cəhdləri davam edir. Tərəflərin nümayəndələri – xüsusi təmsilçilər səviyyəsində görüşlər baş tutmuş, lakin bu görüşlərin nəticələri hələ ki kağız üzərində qalıb. İstanbulda baş tutan liderlər səviyyəsində görüş isə artıq prosesi ali siyasi iradənin müstəvisinə çıxarır.

İkincisi, Paşinyan görüş zamanı Ermənistanın regionda sülh və sabitliyə sadiq olduğunu bildirib və qonşularla münasibətlərin normallaşdırılmasının prioritet xarici siyasət xətti olaraq qalacağını vurğulayıb. Bu bəyanatın fonunda Bakının İrəvanla sülh danışıqlarında qarşı tərəfdən konkret və qətiyyətli addımlar gözlədiyi nəzərə alınsa, Paşinyanın bu ritorikasının nə dərəcədə real siyasi davranışa çevriləcəyi sual doğurur.

Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, Ermənistan sülh müqaviləsi üzrə öhdəliklərdən yayınmaq üçün müxtəlif beynəlxalq manevrlər edir. Belə bir zamanda Paşinyanın Ərdoğanla görüşdə Bakı ilə sülh prosesini müzakirə etməsi əhəmiyyətli siyasi jest kimi görünə bilər.

Üçüncüsü, bu görüş Türkiyə diplomatiyasının Cənubi Qafqazda təsir imkanlarını gücləndirdiyini də göstərir.

Ərdoğanın “Türkiyə təkcə Qafqazda deyil, bütün bölgədə sabitliyin bərqərar olunması üçün diplomatik imkanlarını maksimum dərəcədə istifadə edir” fikri Ankara üçün bu danışıqların sadəcə ikitərəfli çərçivədən daha geniş regional dəyərə malik olduğunu göstərir. Türkiyə həm Ermənistanla münasibətlərin normallaşdırılmasında, həm də Bakı ilə İrəvan arasında vasitəçi olmadan mövqeyini təqdim etməkdə maraqlıdır. Bu, Ankaranın Cənubi Qafqazda Rusiya və İranın zəifləyən rolunu doldurmaq istəyi ilə də bağlıdır.

Digər diqqətçəkən məqam budur ki, bu görüş Paşinyanın getdikcə daha müstəqil və praqmatik siyasi kurs seçdiyini göstərir. Onun hakimiyyəti dövründə Ermənistanın Rusiyadan uzaqlaşması, İranla məhdud əməkdaşlıq və Qərbə inteqrasiya cəhdləri öz yerində, lakin Türkiyə ilə münasibətlərin bərpası ən riskli, eyni zamanda gələcək baxımından ən perspektivli addımlardan biri ola bilər. Ermənistan üçün Türkiyə ilə açıq sərhəd təkcə iqtisadi deyil, həm də siyasi mənada tənha və təcrid vəziyyətindən çıxış imkanını təqdim edir.

Təbii ki, bu prosesin gələcəyi Bakının mövqeyindən asılıdır. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Ermənistanın Türkiyə ilə münasibətləri yalnız Bakı ilə sülh müqaviləsinin imzalanmasından sonra tam normallaşa bilər. Bu səbəbdən Paşinyanın Ərdoğana "sülh istəyirik" deməsi kifayət deyil – o, bunu real və dönməz addımlarla sübut etməlidir.

Bütün bunların fonunda deyə bilərik ki, Paşinyan–Ərdoğan görüşü Ermənistanın bu dəfə səmimi şəkildə regional inteqrasiyaya can atıb-atmadığını yoxlamaq üçün bir sınaq nöqtəsidir. Əgər bu görüşdən sonra Ermənistan konkret addımlar atarsa – sülh müqaviləsi imzalanar, sərhədlərin delimitasiyası üzrə razılaşmalar əldə olunarsa – bu zaman İrəvanın yeni xarici siyasət kursundan danışmaq mümkün olacaq. Əks halda, bu görüş də əvvəlkilər kimi sadəcə “fotolar və bəyanatlar” səviyyəsində qalacaq.

 


Musavat.com

Seçilən
5
32
musavat.com

10Mənbələr