AZ

Ərdoğan Paşinyana bunları xatırladacaq - İLGİNC DETALLAR

İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və Rəcəb Tayyib Ərdoğanla birlikdə Kahramanmaraş şəhərində yenidən inşa olunmuş “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak etmələri “Bir millət, iki dövlət”in tarixində növbəti şanlı səhifələrdən oldu.

Mərasimdə iştirak edən minlərlə insanın qarşısında çıxış edən Azərbaycanın və Türkiyənin liderləri çətin günlərdə də, xoş günlərdə də bir yerdə olan iki dövlətin bundan sonra daim qoşa addımlayacağı barədə düşmənlərin bağırını yaran mövqelərini ifadə ediblər.

Azərbaycan və Türkiyə prezidentlərinin çıxışında Qarabağın işğaldan azad olunması qürurla bir daha xatırlandı və iki dövlətin ürəyinin bu məsələdə də birgə döyündüyü xüsusilə vurğulandı.

“Qarabağın Fatehi” olaraq alqışlarla qarşılanan dövlət başçımız qardaş ölkəyə, onun liderinə Qarabağla bağlı prinsipial mövqeyinə, Türkiyənin hər zaman Azərbaycanın yanında olmasına görə təşəkkürünü bildirdi.

Məhz bu tarixi hadisədən bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər etdi. Əvvəlcədən belə məlumat yayılmışdı ki, Türkiyədə üçlü görüş keçirilə bilər. Amma dövlətimizin başçısı “Azərbaycan” məhəlləsinin açılışından və Türkiyə prezidenti ilə görüşdən sonra Bakıya döndü.

İran ətrafında baş verənlər fonunda Prezident İlham Əliyevin Türkiyə səfəri, qardaşlıq mesajlarının bir daha səsləndirilməsi, iki qardaş prezidentin Kahramanmaraşda qucaqlaşmasının heç şübhəsiz ki, çox böyük və tarixi əhəmiyyəti var. Çıxışlarda Şuşa Bəyannaməsinin xatırlanması da sıradan məsələ deyil. Eyni zamanda regionda sülhün əldə olunmasının vacibliyi barədə xəbərdarlıqlar da önəmli məqamlardır.

İstisna deyil ki, Azərbaycanın dövlət başçısının səfəri zamanı prezident Ərdoğanla Ermənistanla sülh sazişi, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr də aparılıb. O cümlədən şübhə yoxdur ki, İran məsələsi müzakirələr sırasında olub.

Azərbaycan Prezidentinin ardınca Nikol Paşinyan 20 iyunda Türkiyəyə səfər etdi.

O, İstanbulun beynəlxalq hava limanında Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci tərəfindən qarşılanıb.

Səfər çərçivəsində bu axşam Ermənistan baş naziri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılıb. Görüşün detalları rəsmi olaraq açıqlanmasa da, müşahidəçilər bunu iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirirlər.

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Türkiyəyə rəsmi səfər edib.

O, İstanbul hava limanında Türkiyə tərəfindən fəxri qarovul və yüksək səviyyəli protokolla qarşılanıb. Paşinyan Ermənistan dövlətinə məxsus xüsusi təyyarə ilə Türkiyəyə gəlib.

Nümayəndə heyətinin tərkibinə 13 nəfər daxildir. Paşinyanı əsas olaraq XİN rəhbəri Ararat Mirzoyan, XİN rəhbərinin müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Məlumata əsasən, bu gün İstanbulda Ermənistanın baş naziri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılır. Yeri gəlmişkən, Paşinyan sonuncu dəfə 2023-cü ilin iyununda Türkiyədə səfərdə olub.

Məlumata görə, görüşün əsas hissəsi bu gün – iyunun 20-də İrəvan vaxtı ilə saat 19:00-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun Dolmabaxça ofisində baş tutacaq.

Bu barədə “RİA Novosti” agentliyi Türkiyə Prezident Administrasiyasının yaydığı rəsmi qrafikə istinadla məlumat yayıb.

Ermənistan hökumət nümayəndə heyəti ilə birgə səfər edən Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və sərhədlərin tam bərpası kimi məsələləri gündəmə gətirəcəyi gözlənilir. Tərəflərin həmçinin Ermənistan-Azərbaycan normallaşma prosesi və Cənubi Qafqazda davamlı sülh imkanlarını müzakirə etməsi istisna edilmir.

Qeyd edək ki, bu, Paşinyanın Türkiyəyə etdiyi sayca ilk rəsmi dövlət səfəridir və ikitərəfli münasibətlər baxımından mühüm əhəmiyyət daşıyır.

Maraqlıdır, Azərbaycan Prezidenti niyə Nikol Paşinyanla görüşmək istəməyib? Ümumiyyətlə, Paşinyanın Türkiyə səfərinin ardınca rəsmi İrəvanın mövqeyində konstruktivlik müşahidə oluna bilərmi?

qafar.png

Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı Musavat.com-a açıqlamasında bildirib ki, Paşinyan Ərdoğanın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyi və sülh sazişi ilə bağlı məsələləri müzakirə etməyi çox istərdi:

“Ermənistanda buna ümid edirdilər ki, Ərdoğanın bu məsələdə tövsiyəsi o olacaq ki, Azərbaycan sülh danışıqlarını yekunlaşdırsın. Erməni politoloqlar yazırlar ki, Paşinyanın səfəri xahiş xarakterlidir. Çünki Ermənistanda 2026-cı ildə nəzərdə tutulan seçkilər ərəfəsində Paşinyana həmin “kağız” - sülh anlaşması çox lazımdır. Amma Azərbaycanın şərtləri məlumdur və Ermənistan onları yerinə yetirmək üçün konkret mövqe bildirməyib.

Paşinyan deyir ki, Minsk qrupunun ləğvi saziş imzalanarkən paralel şəkildə müraciət olunacaq. Konstitusiya dəyişikliyinə gəldikdə, hesab edir ki, sazişdən sonra bu sənədin Konstitusiya Məhkəməsində təsdiqi zamanı problem yaranarsa, həmin maddələrin dəyişdirilməsi qərarı verilə bilər”.

Q.Çaxmaqlının sözlərinə görə, əslində bu, saziş tərəfdarı kimi görünüb, işi uzatmaqdan başqa bir şey deyil:

“Prezident İlham Əliyev Ermənistanın bu oyununu bilir və ona görə də Türkiyədə Paşinyanla görüşməyin mənasız olduğundan buna getmədi. Daha bir prinsipial məsələnin Ərdoğan-Paşinyan görüşündə müzakirəyə çıxarılacağı da şübhəsizdir. Bu, Zəngəzurdan maneəsiz keçidin təmin edilməsidir.

Nikol Paşinyanın əvvəllər irəli sürdüyü bu yol Ermənistanın dövlət suverenliyi çərçivəsində həll oluna bilər hekayəsi davam etdiriləcəksə, o da nəticəsiz qalacaq. Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması məsələsi də Ermənistanın Azərbaycanla münasibətlərinin hansı şəkildə davam etməsindən asılıdır. Məncə, Ərdoğan Paşinyana bir daha bunları xatırladacaq.

İrəvanın bu məsələlərdə mövqe dəyişikliyi olarsa, bu görüşü konstruktiv adlandırmaq olar. İndiki həssas məqamda Ermənistan seçim etməlidir. O görməlidir ki, dünyanın ən gərgin vaxtlarında belə Türkiyə ilə Azərbaycan vahid qardaşlıq mövqeyi sərgiləyir. Bu, Kahramanmaraşda bir daha nümayiş etdirildi”.

“Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Ankara ilə İrəvan arasında dialoq başladı və bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri iki ölkə arasında artan təmasların davamı kimi qiymətləndirilməlidir”.

Bu fikirlər isə politoloq Elxan Şahinoğluna məxsusdur.

42e3787334-Elxan-sahinoglu-beyne.jpg

Politoloq qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanla görüşdən bir gün əvvəl İlham Əliyevi ölkəsinə dəvət edərək Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışında birgə iştirak etdi:

“Fikrimcə, Ərdoğanın əvvəlcə İlham Əliyevlə, bir gün sonra isə Nikol Paşinyanla görüşü təsadüfi tarix kimi seçilməyib. Ərdoğan əvvəlcə İlham Əliyevlə görüşməklə azərbaycanlı həmkarını arxayın etmək istəyib ki, bir gün sonra Nikol Paşinyanla görüşüb müzakirə aparacağına baxmayaraq, Ankaranın Cənubi Qafqaz siyasətində dəyişiklik olmayacaq, yəni Ermənistan əvvəlcə Azərbaycanla sülh sazişi imzalamalıdır ki, Türkiyə ilə sərhədin açılmasına və diplomatik münasibətlərin bərpasına ümid edə bilsin.

Buna baxmayaraq, Ərdoğanın açıqlamalarından hiss olunur ki, o, Bakı ilə İrəvan arasında razılaşmanın sürətləndirilməsini istəyir. Çünki bölgədə hadisələr sürətlə inkişaf edir və nə qədər ki, Rusiya və İranın başı müharibələrə qarışıb, Azərbaycanla Ermənistan arasında məsələlərin həlli, o cümlədən Zəngəzur dəhlizinin açılması ümumi işin xeyrinə olardı. Yəqin Ərdoğan bu fikri də Nikol Paşinyanın diqqətinə çatdıracaq.

Digər tərəfdən, Nikol Paşinyan daxili siyasətdə ona qarşı olan qüvvələrin birləşməsi ilə üzləşib. Baş naziri çətin aylar gözləyir və belə bir ərəfədə Azərbaycan və Türkiyə ilə açıq qalan məsələləni həlli onun xeyrinə olardı”.

E.Şahinoğlu bildirib ki, Türkiyə diplomatlarının Ankarada üçlü görüşün keçirilməsi barədə planları olub:

“Bu dəfə alınmadı. Ancaq Nikol Paşinyan zəruri addımlar atarsa, gələcəkdə Türkiyə, Azərbaycan və Ermənistan liderlərinin birgə görüş keçirməsi istisna deyil. Sülh sazişi imzalanarsa, gələcəkdə başqa üçlü formatlar kimi Türkiyə-Azərbaycan-Ermənistan formatının təsisi də uzaq perspektiv deyil. Niyə də olmasın?

Uzun illər Azərbaycan və Ermənistan liderləri ABŞ, Rusiya, Fransa və Avropa İttifaqı liderlərinin vasitəçiliyi ilə görüşlər keçiriblər. Bunların heç birinin müsbət nəticəsi olmadı. Azərbaycan və Türkiyənin də marağındadır ki, Ermənistan Cənubi Qafqazda fərqli maraqları olan güclərin orbitindən uzaqlaşsın. Bunun üçün isə Ermənistan iqtisadi əlaqələr və regional layihələr vasitəsilə Türkiyə və Azərbaycanın təsiri altına düşməlidir”.

Seçilən
6
32
turkustan.az

10Mənbələr