Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda görüş keçiriblər.
Musavat.com xəbər verir ki, görüş zamanı tərəflər Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesini və regional sabitlik məsələlərini müzakirə ediblər.
Erməni mediasının yaydığı məlumata görə, tərəflər iki ölkə arasında konstruktiv dialoqun davam etdirilməsinin və konkret nəticələrin əldə olunmasının vacibliyini vurğulayıblar. Həmçinin regional hadisələr və bu kontekstdə ikitərəfli əməkdaşlıq imkanları da diqqət mərkəzində olub.
Nikol Paşinyan Ermənistanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına sadiq olduğunu bildirib və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması siyasətinə davam edəcəyini təsdiqləyib.
Görüşdə birbaşa təmasların və dialoqun davam etdirilməsi də müzakirə mövzusu olub. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında gedən sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Ərdoğan qeyd edib ki, Türkiyə yalnız Qafqazda deyil, bütün bölgədə sabitliyin bərqərar olunması üçün diplomatik imkanlarını maksimum dərəcədə istifadə edir.
Bu görüş həm Türkiyə-Ermənistan münasibətləri, həm də Ermənistan-Azərbaycan sülh danışıqları baxımından yeni mərhələnin siqnalı kimi qiymətləndirilir.
Musavat.com