ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Son 32 il ərzində Ermənistanın baş naziri ilk dəfə işgüzar səfərlə Türkiyəyə gəlib. Nikol Paşinyanı bu tarixi səfərdə xarici işlər naziri və Ermənistan parlamentinin sədrinin müavini müşayiət edir".
Bunu Oxu.Az-a açıqlamasında politoloq Aqil Məmmədov bildirib.

O deyib ki, tarixə nəzər salsaq, Türkiyə Ermənistanın müstəqilliyini 1991-ci ildə tanısa da, 1993-cü ildə Azərbaycan torpaqlarının işğalına cavab olaraq sərhədi bağlayıb və diplomatik münasibət dondurulub:
"Ötən illər ərzində müəyyən təmaslar olsa da, 2008-ci ildə "futbol diplomasiyası" ilə başlayan yaxınlaşma daha sonra Sürixdə bəzi sənədlərin imzalanması ilə davam etdi. Lakin həmin sənədlər parlamentlər tərəfindən ratifikasiya olunmadığı üçün kağız üzərində qaldı.
2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra Ermənistan eyforiyadan ayılıb regiondakı yeni reallıqları görməyə başladı. Bundan sonra, 2021-ci ildən etibarən xüsusi nümayəndələr və xarici işlər nazirlikləri arasında qurulan birbaşa diplomatik kanallarla təmaslara start verildi. Türkiyə Ermənistanla danışıqlarda həm özünün, həm də Azərbaycanın maraqlarını nəzərə alaraq masa arxasına əyləşir. Ermənistan tərəfi isə masa arxasına oturmazdan əvvəl bəyan etdi ki, ölkənin xarici siyasətində "soyqırımı" iddiaları prioritet təşkil etmir. Beləliklə, Paşinyanın 2023-cü ildə verdiyi bu bəyanat Ankara ilə dialoqa mane olan ən çətin məsələlərdən birində geri addım kimi qiymətləndirilə bilər və Türkiyə ilə yaxınlaşmaya təkan vermək məqsədi daşıyır".
Politoloq qeyd edib ki, Azərbaycan tərəfi Türkiyə-Ermənistan masasındakı müzakirələrdə birbaşa oturmasa da, öz maraqlarının nəzərə alınmasında maraqlıdır:
"Məsələn, ötən gün Kahramanmaraşa səfər çərçivəsində Azərbaycan və Türkiyə liderləri, iki ölkənin XİN rəhbərlərinin iştirakı ilə görüş keçirdilər. Aydın məsələdir ki, XİN rəhbərləri görüşdə iştirak edirsə, əsas müzakirə predmeti xarici siyasət, regionda cərəyan edən proseslər və şübhəsiz ki, bu gün Dolmabahça sarayında keçirilən görüş olub.
Ermənistan rəsmiləri bu səfərə 32 il davam edən düşmənçilik səhifəsini çevirmək və münasibətləri normallaşdırmaq ümidləri ilə yanaşır. Bu gün Bakı vaxtı ilə 19:00-da keçiriləcək Ərdoğan-Paşinyan görüşü uzun illər ərzində yığılıb qalmış problemlərin həlli, sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması baxımından yeni fürsət yaradır. Aydın məsələdir ki, uzun illərin problemlərini Bosfor boğazının küləyi aradan qaldırmayacaq, lakin bu təmas irəliyə doğru daha bir addımdır. İlk dəfə olaraq vasitəçilər olmadan Bakı və İrəvan arasında təmaslar müəyyən irəliləyişlərə səbəb olub, tərəflər həm sərhəddə razılaşmalar əldə edib, həm də diplomatik kanal quraraq müəyyən razılaşmalara nail ola biliblər. Görünür, İrəvan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyişə nail olmaq üçün yeganə seçim vasitəçilərsiz birbaşa kontaktdır.
Paşinyan hakimiyyəti 2020 və 2023-cü illərin məğlubiyyətlərindən sonra müharibənin İrəvana fayda verməyəcəyini anladı, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması yolunu seçdi. O, Ankara və Bakı ilə əlaqələrin yoluna qoyulmasını Ermənistanın uzunmüddətli maraqları naminə strateji seçim kimi ön plana çıxardı. Yəni Ermənistanda anlayırlar ki, Azərbaycan və Türkiyə ilə "buzları əritmək"lə yeni səhifə açmaq vacibdir. Xüsusilə regionda baş verən son proseslər bunun İrəvan üçün nə qədər həyati əhəmiyyət kəsb etdiyini göstərir. Bu gün İrəvan dünənkindən daha çox kommunikasiyaların açılmasına maraq göstərəcək. Çünki regionda artan gərginliklər birbaşa Ermənistan daxilinə ciddi təsir göstərir və ölkənin idxal-ixrac əməliyyatlarını risk altına qoyur. Ona görə də indi Zəngəzur dəhlizinin açılması ilə paralel regionda kommunikasiyaların işə düşməsinin Ermənistanın gələcəyi üçün ciddi əhəmiyyət kəsb etdiyini anlayır. Buna görə də İstanbul təmaslarından sonra Zəngəzur dəhlizi ilə bağlı yeni canlanma müşahidə oluna bilər.
Bu gün Dolmabahça sarayında baş tutacaq təmaslara təkcə Ankara-İrəvan və Bakı prizmasından deyil, daha geniş kontekstdə baxmaq faydalıdır. İstanbul görüşü Cənubi Qafqazın geosiyasi mənzərəsində mühüm hadisə sayıla bilər. Əgər bu görüş nəticəsində Ankara-İrəvan yaxınlaşması rəsmiləşərsə, bu, bölgədə son beş ildə cərəyan edən güc dəyişikliklərinin məntiqi davamı olacaq. 2020-ci il müharibəsindən və xüsusilə 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsindən sonra Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yenidən qurulduğu aydındır. İrəvanın rəsmi Bakı və Ankara ilə münasibətlərini normallaşdırması və yeni səhifə açması Türkiyə-Qafqaz-Mərkəzi Asiya xəttində canlanmanın start nöqtəsi ola bilər".
"Şübhəsiz ki, İrəvanın Bakı və Ankara ilə yaxınlaşma xəttinə istər Ermənistan daxilində, istərsə də xaricində müəyyən müdaxilələr mümkündür. Lakin Paşinyan və komandasının bu normallaşma prosesini səhvsiz davam etdirməsi qısa müddətdə daha təhlükəsiz Qafqaz modelinin yaranmasına səbəb olacaq və Çindən Avropaya uzanan iqtisadi xəttə İrəvanın da qoşulmaq imkanı yaranacaq. Beləliklə, çətin də olsa, Cənubi Qafqazda post-münaqişə nizamı formalaşır və bu prosesdə Türkiyə ilə Azərbaycan daha fəal rol oynayır", - deyə A.Məmmədov bildirib.
Aqil Vəlili
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.