
"Bu səfərin fərqli cəhətlərindən biri ondan ibarətdir ki, artıq bu ilin mart ayında Azərbaycanla Ermənistan arasında sülh sazişi mətni razılaşdırılıb. Türkiyə isə keçmiş Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Azərbaycana qarşı düşmənçilik siyasəti və qondarma soyqırımı iddiaları səbəbilə Ermənistanla diplomatik əlaqələri kəsmiş, sərhədləri bağlamışdı. İki ölkə yalnız beynəlxalq platformalarda məhdud təmaslara malik idilər.
Ümumilikdə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmamasının əsas səbəbi kimi Türkiyə tərəfi Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırmamasını göstərir. Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistanla diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşmasından keçir."
Bu fikirləri siyasi şərhçi,Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Olaylar.az-a açıqlamasında bildirib:
"Nikol Paşinyan zaman-zaman Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bildirir, hətta "istənilən saatda imzalaya bilərik" deyir. Lakin Azərbaycan tərəfinin real və prinsipial şərtləri var. Ermənistan da bunu yaxşı bilir. Bu şərtlərdən ən əsas olanı Ermənistanın öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmasıdır. Bu iddialar, xüsusilə Ermənistanın müstəqillik bəyannaməsində və Konstitusiyanın preambulasında ifadə olunub. Həmin bəyannamədə 1989-cu ildə Dağlıq Qarabağ Sovetinin qəbul etdiyi - Qarabağın Ermənistana birləşdirilməsi qərarına istinad edilir. Bu isə faktiki olaraq, Ermənistanın Azərbaycan ərazilərinə iddiasını konstitusion şəkildə qoruduğunu göstərir.
Azərbaycan isə tələb edir ki, bu iddialar Ermənistanın konstitusiya və qanunvericilik sistemindən tamamilə çıxarılsın. Həmçinin, Azərbaycan keçmiş Qarabağ münaqişəsinin həlli üçün yaradılmış, lakin heç bir nəticə verməmiş ATƏT-in Minsk Qrupunun rəsmi şəkildə ləğv edilməsini də istəyir.
Bu iki əsas tələb - konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvi - yerinə yetirilmədən Ermənistanla sülh sazişinin imzalanması real görünmür. Ermənistan isə hələlik bu tələbləri yerinə yetirmək üçün konkret addımlar atmır. Əgər bu addımlar atılmırsa, Nikol Paşinyanın Türkiyə səfəri çərçivəsində münasibətlərin normallaşması ilə bağlı aparılacaq danışıqlardan da ciddi nəticələr gözləmək çətindir.
Çünki Türkiyə açıq şəkildə Ermənistan tərəfinə bildirib ki, Ermənistanla münasibətlərin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına bağlıdır. Türkiyə bu məsələdə Azərbaycanın mövqeyini tam dəstəkləyir.
Bu səfər çərçivəsində digər məsələlər də müzakirə oluna bilər. Məsələn, münasibətlərin normallaşmasından sonra Türkiyə-Ermənistan arasında atılacaq addımlar və hal-hazırda Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının mülki müşahidə missiyası ilə bağlı məsələlər gündəmdə ola bilər. Bu missiya NATO üzvü olan ölkələrdən ibarət olsa da, söhbət NATO-dan yox, Avropa dövlətlərinin siyasi maraqlarını təmsil edən qüvvələrdən gedir.
Eyni zamanda, müzakirə oluna biləcək əsas mövzulardan biri də Zəngəzur dəhlizi məsələsidir. Türkiyə bu dəhlizin açılmasında maraqlıdır. Ermənistan isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən bu dəhlizin açılması ilə bağlı öhdəlik götürsə də, indiyədək bu öhdəlikləri yerinə yetirməyib. Türkiyə tərəfi də düşünürəm ki, Nikol Paşinyanla görüş zamanı bu məsələni gündəmə gətirəcək və Ermənistandan aydın izahat tələb edəcək.
Ümumilikdə, bu səfəri sıradan bir səfər hesab etmək olar. Onu tarixi bir hadisə saymaq düzgün olmaz. Lakin buna baxmayaraq, Türkiyə ilə Ermənistan arasında münasibətlərin gedişatı baxımından bu səfər əhəmiyyətlidir. Burada əsas məsələ Ermənistanın deyil, Türkiyənin bu prosesə yanaşmasıdır. Bu baxımdan səfəri önəmli hesab etmək mümkündür. Lakin səfərin sülh prosesinə real və müsbət təsir edib-etməyəcəyi yalnız Ermənistanın bundan sonra Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində atacağı addımlardan asılı olacaq."
İbrahim Məmmədli