RU

Mirzoyan debatda açıqladı: "Sülh sazişini imzalamasaq..."

Seçkiqabağı televiziya debatında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi, danışıqlar prosesi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Musavat.com xəbər verir ki, Mirzoyan bildirib ki, onun tərəfindən razılaşdırılmış və ilkin paraflanmış Azərbaycan–Ermənistan sülh sazişi imzalanardı. Onun sözlərinə görə, sənəd digər müddəalarla yanaşı, Ermənistan və Azərbaycanın Alma-Ata Bəyannaməsi əsasında bir-birinin siyasi müstəqilliyini, sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasını nəzərdə tutur.

Nazir qeyd edib ki, artıq razılaşdırılmış müddəaların yenidən müzakirəyə çıxarılması, dəyişdirilməsi və ya ləğv edilməsi Ermənistanı birbaşa və dərhal yenidən münaqişə mərhələsinə qaytara bilər.

Ararat Mirzoyan debat zamanı bildirib ki, Ermənistanın müxtəlif siyasi qüvvələri də sülh sazişini ümumilikdə müsbət qiymətləndirib və müəyyən qeyd-şərtlərlə onu imzalamağa hazır olduqlarını bəyan ediblər.

XİN rəhbəri həmçinin 2019-cu ildə müzakirə olunan təkliflərə də toxunaraq qeyd edib ki, həmin dövrdə əslində yeni ideya ortaya çıxmamışdı. Onun sözlərinə görə, Ermənistana 2016–2017-ci illərdə təqdim edilmiş təkliflərin müəyyən dəyişikliklərlə yenilənmiş variantı təqdim olunmuşdu və bu sənəd ətrafında müxtəlif şəhərlərdə çoxsaylı görüşlər keçirilmişdi. Mirzoyan son belə görüşlərdən birinin 2020-ci ilin yanvarında baş tutduğunu, daha sonra isə COVID-19 pandemiyasının başladığını xatırladıb.

Nazir debat zamanı Ermənistanı vaxtilə tərk etmiş azərbaycanlılarla bağlı səsləndirilən xəbərlərə də münasibət bildirib. O, “300 min azərbaycanlı” tezisinin doğru olmadığını iddia edərək, bu barədə deyilənləri təkzib edib. Mirzoyan vurğulayıb ki, Ermənistan rəhbərliyinin müxtəlif üzvləri də bu mövzu ilə bağlı eyni mövqeni dəfələrlə ifadə ediblər. 

 Musavat.com

Избранный
43
50
musavat.com

10Источники