AZ

Ermənistan seçkilərində Azərbaycan faktoru... Və Paşinyan Bakıya zəng etsə...

Ermənistandakı parlament seçkilərinə 4 gün qaldı. Bu ölkədə gərginlik saatbasaat yüksəlir. Nikol Paşinyan anlayır ki, hakimiyyətini itirsə, taleyi heç də yaxşı olmayacaq. Üstəlik, “kadastr sənədi olmayan” Ermənistanın özünün də mövcudluğu sual altına düşə bilər. Həm özünə, həm də ölkəsinə yönəlik təhlükələri nəzərə alaraq, revanşistlərin hakimiyyəti qəsb etməsi halında növbəti dağıdıcı müharibənin fitilinin çəkilməsi qorxusunu açıq şəkildə dilə gətirir.

Diqqətçəkən budur ki, 7 iyun parlament seçkiləri ilə bağlı kampaniyada Azərbaycandan daha çox danışılır, nəinki Ermənistandan. Aprelin 26-da sosial şəbəkə hesabında canlı yayım açaraq seçicilərinə müraciət edən Paşinyan "Vətəndaş müqaviləsi” Partiyasının seçki platformasını təqdim edərkən “Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub və Ermənistan üçün dinc inkişaf dövrünün başlanğıcı qoyulub”, deməklə prosesə start vermişdi. Seçki platformasının təməlində məhz Azərbaycanla paraflanmış sülh sənədi olmuşdu.

Paşinyan

Daha sonra o, seçki kampaniyasının ilk günü Qərbi Zəngəzur bölgəsindən başladı, Azərbaycanla şərti sərhədlər tərəfdə yaşayan sakinlərlə görüşdü və yenə də bəhs etdiyi əsas mövzu Azərbaycanla əldə olunmuş razılaşmalar, “Real Ermənistan” qurmağın ilkin şərtinin məhz Azərbaycan dövləti ilə münasibətlərin normallaşdırılmasının zəruriliyi haqda fikirlərini çatdırdı.

Hakim partiyanın baş nazirliyə namizədi Nikol Paşinyan müharibə çağırışı edənlərlə bağlı xalqına müraciətində kəsib atmaq istədiyi “üçbaşlı əjdaha”dan bəhs edib. “Robert Koçaryan, Karen Karapetyan və Qagik Tsarukyan tərəfindən idarə olunan qüvvələr Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülhün yenidən nəzərdən keçirilməsi siyasətini qəbul ediblər. Bu isə onların müharibənin qapılarını açmaq yoluna getdiyini göstərir”. Paşinyan deyib ki, onlar tarixi yolayrıcındadırlar. Çünki “Ermənistan və Azərbaycan arasında sülh əldə olunub və biz bu sülhü qurmuşuq, bu isə müharibənin qapılarını möhkəm şəkildə bağlamaq deməkdir. Mənim qeyd etdiyim qüvvələr isə indi bu qapını açmağa çalışır və bu, Ermənistanın təhlükəsizliyi üçün taleyüklü bir təhdiddir”.

Seçki

Nikol Paşinyanın “Ermənistanda sülh gündəliyinə yenidən baxılmasını istəyən siyasi qüvvələr var və bu iyundakı parlament seçkilərindən sonra yeni müharibəyə yol aça bilər. Ermənistanda müəyyən dairələr var ki, hakimiyyətə gələcəkləri təqdirdə sülh gündəliyinə yenidən baxmağı planlaşdırırlar”, bəyanatından sonra savaş qarğa-quzğunları, Azərbaycana qarşı cinayətlər törətmiş iddialılar da özlərini bir az yığışdırmağa cəhd göstərdilər. Xocalı canisi, “Hayastan” seçki blokunun baş nazirliyə namizədi Robert Köçəryan “əgər mən və komandam Ermənistanda hakimiyyətə gəlsək, Azərbaycanla sülh danışıqları sıfır nöqtəsindən başlamayacaq”, açıqlaması ilə çıxış etdi. Köçəryanın öz sözünü necə “tutmasını” 90-cı illərdə görmüşük, hələ Ermənistana rəhbər olmazdan qabaq. Rayonlarımızın bir-birinin ardınca işğalını sürətlə həyata keçirməyə çalışanlardan biri idi, danışıqlara baxmayaraq…Uşaq qatilindən başqa nə gözləmək olardı?..    

Ermənistanın baş naziri postuna iddialı olan Kremlin əsas adamı biznesmen Samvel Karapetyan isə seçki kampaniyasını ev dustaqlığından aparır, necə deyərlər, “evdən işləyir”. Onun da dilinin əzbəri Azərbaycandır. Evdən çölə çıxa bilməyən, tərəfdarları da hər addımda təqib olunan erməni milyarder deyib ki, seçkilərdən sonra ölkəni tərk edəcək Paşinyanın gedəcəyi iki ölkədən biri Azərbaycandır.

The

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da deyib ki, artıq Azərbaycanla razılaşdırılmış müddəaların yenidən müzakirəyə çıxarılması, dəyişdirilməsi və ya ləğv edilməsi Ermənistanı birbaşa və dərhal yenidən münaqişə mərhələsinə qaytara bilər. Yenə də əsas müzakirə mövzusu Azərbaycandır!

Ermənistan parlamentinin spikeri Alen Simonyan “Sizə bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda bir forum keçirildi və azərbaycanlı həmkarım məni ziyarətə dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyası səbəbindən forumda iştirak etməkdən imtina etdim”, - deməklə seçicilərinə bir daha Azərbaycanla münasibətlərin normallaşmasının alternativinin olmadığını çatdırdı.

Azərbaycanın açdığı tranzit yolla ölkəsinə taxıl, qarabaşaq, gübrə daşıyan, Azərbaycandan benzin alan, nəticədə inhisarçılığa zərbə vurulduğunu bildirən N.Paşinyan Türkiyə Prezidentinə telefon zəngi edib. Heç şübhəsiz seçki ilə bağlıdır bu zəng, istəyir ki, Rusiyanın üzünə bazarı bağlaması halında Türkiyə ona alternativ bazar tanısın, məhsullarını Avropaya çıxartmaq imkanı yaratsın. Günün birində Nikol Paşinyan Azərbaycan Prezidentinin telefon nömrəsini axtarsa, Bakıya zəng edib, köməkçiyə minnətçi düşsə, təəccüblənməməliyik...Prezident Əliyevin sülh şərtləri, münasibətlərin bərpası ilə bağlı yol xəritəsi bütövlükdə bölgənin xilas və təhlükəsizlik düsturudur, Paşinyan bu reallığı anlayır və ona görə də “bir də misatsum deməyin, Qarabağ adı çəkməyin, Qarabağa qayıdaq kəlməsini dilə gətirməyin, Bakıdakı erməni canilərinin adını çəkməyin”, xəbərdarlığını edir...  

Ermənistanda

Digər tərəfən Samvel Karapetyan da deyib ki, “Güclü Ermənistan” bloku hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan vətəndaşlarının ölkədə torpaq sahələri və daşınmaz əmlak almasını qadağan etmək niyyətindədir. 

Sitat: “Biz azərbaycanlıların Ermənistanda torpaq və ev almasını, həmçinin onlara hədiyyə verilməsini qadağan edən qanunlar qəbul edəcəyik”, - deyən Karapetyan iddia edib ki, guya 300 min azərbaycanlı “torpaq sahələri və evlər almaqla artıq Ermənistana daxil olmağa (müdaxilə etməyə) hazırlaşır”.

Daha da uzağa gedib: “Artıq hər kəs bilir ki, kəndlər, məktəblər və uşaq bağçaları onlar üçün boşaldılır”. Kilsənin donoru olan milyarder elə bu günlərdə bildirdi ki, 300 min azərbaycanlı Ermənistanda məskunlaşmağa başlayanda heç bir parad bunun qarşısını ala bilməyəcək.

Əslində bu fikirlərində haqlıdır, amma “nala-mıxa vuran” mövqe sahibidir.

Ermənistanın

Əslində Qərbi Azərbaycandan deportasiya edilən – bunu Levon Ter-Petrosyan 1993-cü ildə şəxsən etiraf edib – yüz minlərlə azərbaycanlının ləyaqətli şəkildə geriyə, öz yurdlarına qaytarılması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir, bunu dövlətimizin rəhbəri dəfələrlə bildirib. Gec-tez Qərbi azərbaycanlıların beynəlxalq hüquqa əsaslanan hüquqları bərpa olunacaq, biz ora avtomobillərlə qayıdacağıq! Revanşistlər isə Qərbi Azərbaycana tanklarla qayıdışı təmin etməyə yönəlik yol(suzluq) tutublar.

“Parlaq Ermənistan” Partiyasının sədri Edmon Marukyan da o tərəfdə mızıldanıb ki, “Azərbaycanla sülh müqaviləsi hazırkı formada imzalana bilməz. Çünki Azərbaycan Ermənistanın ərazisini kv.km-lə tanımayıb”. Vardan Oskanyan o biri tərəfdə Azərbaycanın kölgəsinə, Zəngəzur dəhlizinin qarasına mırıldayır. Hər gün müzakirə mövzusu Azərbaycan, Zəngəzur dəhlizi, Qərbi Azərbaycan mövzusu…  

Azərbaycan dövləti 44 günlük müharibədə elə bir dərs verib, “Dəmir Yumruq” elə bir reallıq yaradıb ki, Ermənistanın gündəmində bütün müzakirə mövzularında dominantlıq edir. Bircə günlük antiterror əməliyyatı ilə qüdrətli dövlətimiz erməniçiliyə sarsıdıcı zərbə vurub, param-parça olublar, nə həmin diaspora var, nə lobbi fəaliyyətləri.

Dəmir

Ermənistandakı parlament seçkilərində Azərbaycan faktoru danılmaz fakta çevrilib. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda heç zaman seçki kampaniyalarında Ermənistan bir faktor kimi rol almayıb, amma Ermənistandakı seçki kampaniyasında Azərbaycan, Prezident İlham Əliyevin çıxışları, mesajları gündəm yaradır, hadisə olaraq geniş müzakirələrə səbəb olur. Bu, Azərbaycanın regionda artmış nüfuzu və söz sahibi olmasından irəli gəlir. 44 günlük müharibədən sonra prosesləri Azərbaycan diqtə edir! Bunu vaxtilə Orban da demişdi, Vuçiç də, Lukaşenko da...Prezident Trampın Azərbaycan Lideri barədə dedikləri isə dövlətimizin və dövlət başçımızın gücünün, qüdrətinin superdövlət tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi oldu. Dəfələrlə keçirilən görüşdə İlham Əliyevlə bağlı səslənən yüksək qiyməti Paşinyan şəxsən müşahidə etməli oldu. Bütün bunlardan sonra onun ölkəsində Azərbaycan amilini ön sıraya qoyması təbiidir. Həm də təkcə özünün deyil, sənədsiz ölkəsinin də taleyi Azərbaycandan asılıdırsa, əlavə şərhə yer qalmır. Məhz bunun nəticəsidir ki, seçki prosesində iştirak edən bütün namizədlərin çıxışlarında Ermənistandan çox, Azərbaycan haqda danışılır, bütün proqram Azərbaycanla münasibətlər üzərində qurulur, qarşılıqlı ittihamlar da Azərbaycanla əlaqələndirilir. Xülasə, Azərbaycan faktoru bu seçkidə Ermənistan faktorundan da qat-qat artıq görünür. Özü də bu reallığı beynəlxalq müşahidəçilər də görür, dilə gətirirlər.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun nəzdindəki Avroatlantik Mərkəzin əməkdaşı, politoloq Sergey Markedenov “Bir sıra əhəmiyyətli hərbi və siyasi məğlubiyyətlərdən, Dağlıq Qarabağın itirilməsindən və onun “silahsızlaşdırılmasından” sonra Yerevan Qafqaz regionunda qeyri-rəsmi rəhbərliyini Bakıya verdi. Ermənistan və Azərbaycan əvvəlki kimi nəhəng siyasi münaqişənin nizamlanmasına bərabər idi. Bu gün Azərbaycan faktiki olaraq qaydaları müəyyən edir və şərtləri diktə edir”, deyib. Əslində İrəvanın Qafqaz regionunda heç vaxt üstünlüyü olmayıb, forpost olaraq “maşa” funksiyasını icra edib.

Dağlıq

İtaliya mediasının yaydığı məlumatda bildirilir ki, 2023-cü ildə Qarabağın itirilməsindən sonra İrəvan hərbi təminatsız qalıb, üstəlik KTMT-də də fəaliyyətini “dondurub”, NATO-dan çox uzaqdadır. Avropa İttifaqının mülki missiyası, Avropanın proseslərə müdaxilə etmək üçün heç bir hərbi alətinin olmadığı da xatırladılıb. Rumıniyanın çox nüfuzlu “Cotidianul” qəzet isə yazıb ki, Ermənistanda seçkilər ərəfəsində daxili siyasi vəziyyət hərbi məğlubiyyətin nəticələrinə görə Azərbaycanla sıx bağlıdır. “Vaşinqtonda çərçivə razılaşması əldə olunsa da, tam sülh müqaviləsi hələ imzalanmayıb: Bakı ərazi iddialarını aradan qaldırmaq üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməsini tələb edir. Bu fonda Ermənistanın rusiyayönlü müxalifəti indiki hakimiyyəti Azərbaycana həddindən artıq güzəştə getməkdə, o cümlədən guya azərbaycanlıların bu ölkədə məskunlaşmasını planlaşdırmaqda ittiham edir, internetdə saxta xəbərlər və Paşinyanın İlham Əliyev qarşısında alçaldıcı vəziyyətdə olan süni intellektlə yaradılmış görüntüləri yayılır”.

Beləliklə, biz gördüyümüzü digər ölkələrdən də müşahidə edirlər. Ermənistandakı seçki prosesini izləyənlər hər addımda...Azərbaycanı görürlər! Bu, həm də təbii qanunauyğunluqdur, ilahi ədalətin təcəssümüdür. Axı, Ermənistan adlı qanunsuz, bic doğulmuş ölkənin tarixən ərazisi olmayıb, iki əsr əvvəl bölgəyə köçürülənlərin hesabına vilayət yaratdıqları, Azərbaycan ərazilərində “respublika” elan etdikləri şəhadətnaməsiz subyektdir, Qərbi Azərbaycandır! Dağıdılan 700-dən artıq qəbristanlıqlarımızda uyuyan soydaşlarımızın ruhları belə onları heç zaman rahat buraxmayacaq, ta ki, o yurdların sakini evlərinə dönəcəklər, bərpa prosesinə başlayacaqlar! Həm də Zəfər qazanmış, Qafqazın lider dövləti olan Azərbaycan var. Artıq beynəlxalq aktor funksiyasını icra edən Dövlət və onun Lideri! Belə olduğu halda Ermənistanda necə Azərbaycan deməsinlər? Üstəlik, Ermənistan özü Azərbaycandırsa!!!

Seçilən
8
50
musavat.com

10Mənbələr