RU

Bakı ilə Kuala Lumpur arasında tərəfdaş şəhər münasibətlərinin qurulmasını ümid edirik – Malayziyalı müşavir

Bakı ilə Kuala Lumpur arasında tərəfdaş şəhər münasibətlərinin qurulmasını ümid edirik.

Day.Az xəbər verir ki, bunu WUF13 çərçivəsində Trend-ə müsahibəsində UN-Habitat Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minqin müşaviri Neil Jin Keonq Kaur deyib.

O, Azərbaycan və Malayziya arasında şəhərsalma, enerji keçidi, ekoloji davamlılıq və turizm sahələrində əməkdaşlığın genişlənməsi perspektivlərindən bəhs edib.

N. Kaur Azərbaycan-Malayziya əməkdaşlığının bir neçə istiqamətdə inkişaf etdiyini bildirib. O, Bakıda olduğunu vurğulayaraq Azərbaycanın onun üçün artıq yaxşı tanış ölkə olduğunu qeyd edib:

"Bu mənim Azərbaycana səkkizinci səfərimdir və mən Azərbaycan ilə Malayziya arasında güclü iş münasibətlərini görürəm".

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq əsasən üç istiqaməti əhatə edir: şəhərsalma və şəhər inkişafı, "sıfır tullantı" (zero-waste) yanaşması və turizm əlaqələri.

"Birincisi şəhərsalma və inkişaf sahəsidir. İkincisi, davamlı şəhərlər üçün sıfır tullantı təşəbbüsləridir. Üçüncüsü isə azərbaycanlıların Malayziyaya səfərlərini artırmaqdır", - o vurğulayıb.

Bakı-Kuala Lumpur tərəfdaşlığı gündəmdə

Neil Kaur qeyd edib ki, artıq Azərbaycan tərəfi ilə bir sıra yüksək səviyyəli müzakirələr aparılıb və gələcəkdə iki paytaxt arasında şəhər tərəfdaşlığı mümkün ola bilər: "Biz artıq kifayət qədər çox müzakirələr aparmışıq və ümid edirik ki, Kuala Lumpur və Bakı şəhərləri tərəfdaş şəhərlər olacaq".

Enerji və təcrübə mübadiləsi

Müşavir iki ölkənin enerji sahəsində də əməkdaşlıq potensialına diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan və Malayziya oxşar neft-qaz sektoruna malikdir və qarşılıqlı təcrübə mübadiləsi vacibdir: "Biz Azərbaycanın təcrübəsindən öyrənmək istəyirik. Xüsusilə enerji sahəsində baş verən transformasiya bizim üçün maraqlıdır".
"Tullantıdan enerjiyə" layihələri müzakirə olunur".

Neil Kaur həmçinin konkret layihələr barədə danışıqların davam etdiyini bildirib.

Onun sözlərinə görə, hazırda əsas diqqət tullantıların enerjiyə çevrilməsi istiqamətinə yönəlib:

"Layihə səviyyəsində hələ müzakirələr gedir. Mənzil və şəhərsalma nazirliyi olaraq biz tullantıdan enerjiyə (waste-to-energy) layihələrinə baxmaq istəyirik".

O əlavə edib ki, bu yanaşma bərk məişət tullantılarının elektrik enerjisinə çevrilməsi ilə davamlı şəhər idarəçiliyinə töhfə verə bilər.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Избранный
23
50
day.az

10Источники