RU

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı birgə komissiya yaradılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) birgə məlumatında bildirilir.

Məlumata əsasən, Azərbaycan Respublikasının qanunları, Prezident fərmanları və Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrası məqsədilə kritik informasiya infrastrukturunun təhlükəsizliyinə nəzarət üzrə birgə komissiya yaradılıb. Komissiya DTX və XRİTDX-nin aidiyyəti əməkdaşlarından ibarət olacaq.

Komissiya tərəfindən dövlət qurumlarının normativ-hüquqi aktlara uyğun şəkildə ümumi və xüsusi təhlükəsizlik qaydalarına əməl etməsi sistemli və fasiləsiz şəkildə yoxlanılacaq. Aşkarlanan çatışmazlıqların dövlət və ictimai təhlükəsizlik üçün yarada biləcəyi təhdidlər nəzərə alınaraq, bu halların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər qiymətləndiriləcək.

Bundan əlavə, Komissiya dövri hesabatlar və məlumatlar hazırlayacaq, kritik informasiya infrastrukturuna qarşı təhlükələrin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsi məsələsini qaldıracaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 17 aprel 2021-ci il tarixli, 1315 nömrəli Fərmanına əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyi və kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqan funksiyalarını DTX, dövlət qurumlarına münasibətdə isə DTX və XRİTDX birgə həyata keçirir.

DOĞRU.AZ

Избранный
14
48
dogru.az

10Источники