AZ

“Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimi keçirilib

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bilgəh İstirahət Mərkəzində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimi baş tutub.

AZƏRTAC xəbər verir ki, mərasimdə açılış nitqi ilə çıxış edən AKTA-nın İdarə heyətinin sədri Pənah Musayev bildirib ki, artıq 4-cü dəfədir keçirilən yay məktəbi İslam Əməkdaşlıq Təşkilatının rəsmi kibertəhlükəsizlik platforması olan OIC-CERT tərəfindən “Qlobal Təhlükəsizlik Mükafatı”na layiq görülüb. Pənah Musayev təlimlərə qardaş Türkiyədən də iştirakçıların qatıldığını bildirib. Təlimlər Bakı Ali Neft Məktəbində keçiriləcək.

Daha sonra “Kiber Yay Məktəbi 2025”in keçirilməsi təşəbbüsünə dəstək verən DTX Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov qeyd edib ki, təlimlərə kibertəhdidlərə qarşı ən son metodlarla mübarizə təcrübəsinə malik mütəxəssislərlə dəstək verməyə hazırdır.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, kibertəhlükəsizlik və rəqəmsal istiqamət gənclərin gələcəkdə ixtisas seçimlərinə təsir edəcək. Elmar Qasımov informasiya texnologiyaları üzrə ölkədə savadlı kontingentin formalaşdığını da vurğulayıb.

2021-ci ildə keçirilmiş Kiber yay məktəbi çərçivəsində təşkil edilən CTF yarışında qalib olaraq kiber qəhrəman titulu qazanmış və hazırda dünyanın yüksək nüfuzlu universitetlərindən sayılan Kolumbiya Universistetində Kompüter elmləri üzrə təhsil alan Mehdi Rəsulov kiberdüşərgə ilə bağlı təəsüratlarını bölüşüb.

Tədbirdə iştirak edən DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi, general-mayor Elşad Nəsirov informasiya əsrində kibertəhlükəsizlik istiqamətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq hibrid təhdidlərlə mübarizə metodlarının öyrənilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev çıxışlarında yay məktəbinin iştirakçılarına uğurlar diləyərək, tövsiyələrini veriblər.

Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək yay məktəblərinin keçirilməsinin ölkədə kibertəhlükəsizlik üzrə ixtisaslaşmış gənclərin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Rəsmi açılış mərasimindən sonra şirkətlər tərəfindən təqdimatlara start verilib. “Crowdstrike” şirkətinin regional meneceri Sübhan Şərifov və AKTA-nın tərkibində fəaliyyət göstərən kiberdiasporun aktiv üzvü, “Amazon Web Services” şirkətinin meneceri Elşən Həsənov təqdimatla çıxış ediblər.

AKTA-nın İcraçı direktoru Rauf Cabbarov bildirib ki, layihənin əsas məqsədi kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanması, gənclərin bu istiqamətdə maarifləndirilməsi, beynəlxalq əməkdaşlıq və şəbəkələşmənin təşviqidir. O, vurğulayıb ki, Yay məktəbinə Azərbaycan və Türkiyədən 130 iştirakçı qatılıb. Onlardan 57 nəfəri yerli universitetlərdə AKTA-nın təşəbbüsü ilə yaradılan Kiber Klublarının üzvləridir.

Yay məktəbi müddətində iştirakçılar üçün hər gün intensiv təlimlər, praktiki məşğələlər, ekspertlərlə görüşlər, master-klaslar, həmçinin “Capture The Flag” adlı real ssenariyə əsaslanan kiberyarış təşkil olunacaq. Təlimlər Azərbaycan və ingilis dillərində aparılacaq və tələbələr “Red Team” və “Blue Team” formatında qruplara bölünərək, fərqli ssenarilər üzərində çalışacaqlar.

Yan tədbirlər sırasına Kiber Təhsil Forumu, AKTA ekspertlərinin açıq havada “meet-up” tədbiri, Kiber diaspor üzvlərinin master-klassları daxildir.

Tədbirin əsas tərəfdaşları “Caspel” “Crowdstrike”, “CaspianTech”, Bakı Ali Neft Məktəbi, sponsorları “Techpro”, “MegaSec”, ESET, “Crocusoft”, “Rabalon” şirkətləridir. CTF yarışları YER hostinqin, təhsil yarışları isə “Code Academy” və MilliSec-in tərəfdaşlığı ilə baş tutacaq.

“Kiber Yay Məktəbi 2025” iyulun 26-dək davam edəcək.

Seçilən
14
50
azertag.az

10Mənbələr