RU

Bakı və Moskva arasında anlaşma: Böhran çözüldümü? BİZİM ŞƏRH

Bakı ilə Moskva arasında son günlər yaşanan gərginlik hamıya bəllidir. Bu münasibətlər elə bir həddə çatıb ki, artıq siyasi dairələrdə və medianın dilində “soyuq müharibə” termini açıq şəkildə işlədilirdi.

Musavat.com-un əldə etdiyi məlumata görə, indi isə vəziyyətin yumşaldığı, tərəflərin razılığa gəldiyi barədə ehtiyatlı optimizm yaranıb.

Amma görək, həqiqətən böhran bitibmi, yoxsa sadəcə səhnə arxasında qısa fasilədir?

Azərbaycanın “Sputnik Azərbaycan” işi üzrə istintaqa cəlb edilmiş beş əməkdaşı sərbəst buraxması həm hüquqi, həm də siyasi baxımdan çox mühüm siqnal kimi qiymətləndirilir. Bu addım Bakının Moskva ilə münasibətləri qaydaya salmaq, normallaşdırmaq istədiyini göstərir. Həmin şəxslərin polis nəzarəti altında olsa da, azadlığa buraxılması və prosesin getdikcə daha yumşaq rejimə keçməsi, Azərbaycanın dialoqa açıq mövqeyinin göstəricisidir.

ZAXAROVA.jpg

Bu arada Moskvada da ritorika xeyli dəyişib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova artıq əvvəlki sərt tonda danışmır. Əksinə, o, son açıqlamasında bildirib:

“Rusiya və Azərbaycan arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Bundan xoşu gəlməyən qüvvələr də var, amma Moskva-Bakı əlaqələri möhkəm təməl üzərində qurulub”.

PESKOV.jpg

Kremlin sözçüsü Dmitri Peskov da Azərbaycana yüksək dəyər verdiklərini, əlaqələrin gələcəyə hesablandığını vurğulayıb.

Maraqlıdır ki, rus rəsmilərinin bu cür yumşaq bəyanatlarında həmişə “üçüncü qüvvələr” mövzusu da xüsusi yer tutur. Ad çəkilməsə də, eyhamlar Qərbə, Ukrayna rəhbərliyinə yönəlir. Yəni, sanki bu gərginliyi yaradan Rusiya hüquq-mühafizə orqanları deyil, hansısa “kənar qüvvələr”dir. Halbuki məsələnin kökü məhz Rusiyanın özündədir — Yekaterinburqda baş verən və Səfərov qardaşlarının faciəli şəkildə öldürülməsi ilə nəticələnən OMON əməliyyatı bu böhranı qızışdıran əsas amil oldu.

Azərbaycan tərəfi isə indiyə qədər rəsmi səviyyədə Moskva haqqında sərt açıqlamalar verməkdən yayınsa da, media və ictimai mühitdə Rusiyaya qarşı sərt mövqe uzun müddət davam etdi. Amma görünür, son proseslərdən sonra artıq Azərbaycanın öz informasiya məkanında da ritorika hiss olunacaq dərəcədə yumşalıb.

Amma bütün bunlara baxmayaraq, Rusiya hüquq-mühafizə orqanları hələ də azərbaycanlı iş adamlarına və kriminal dairələrə təzyiqləri, həbsləri davam etdirir. Dünən də azərbaycanlı iki kriminal avtoritetin saxlanılması xəbərləri yayıldı. Üstəlik, bu saxlanmalar videoya çəkilərək, nümayişkaranə şəkildə sosial mediaya ötürülür ki, bu da müəyyən alçaldıcı mesaj effekti yaradır.

Amma buna rəğmən, Musavat.com-un etibarlı mənbələrindən əldə etdiyi məlumata görə, Bakı və Moskva arasında müəyyən kanallarla aparılan intensiv danışıqlar nəticəsində hər iki ölkənin media platformalarında nifrət dilini azaltmaq, əvvəlki vəziyyətə qayıtmaq barədə səssiz anlaşma formalaşır. Bu da o deməkdir ki, qarşılıqlı informasiya müharibəsi məhdudlaşdırılacaq.

Musavat.com xatırladır ki, bu böhran ötən ilin dekabrında Azərbaycanın təyyarəsinin vurulması ilə alovlanmış, iyunun 13-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən qanlı əməliyyatla kulminasiya nöqtəsinə çatmışdı. Həm Azərbaycanda rus vətəndaşlarının həbsi, həm də Rusiyada azərbaycanlı tanınmış simaların ard-arda saxlanılması iki ölkənin televiziyalarında, qəzetlərində və sosial şəbəkələrdə kəskin ritorikanı doğurmuşdu.

AZAL

Rusiyada yaşayan milyonlarla azərbaycanlı isə bu böhranın tezliklə bitməsini istəyir. Çünki onlar bu ölkədə yaşayır, bəziləri artıq vətəndaşdır və diskriminasiya ilə üzləşmək, öz evlərini tərk etməyə məcbur qalmaq istəmirlər.

Beləliklə, Bakı “Sputnik” əməkdaşlarını azad etməklə öz xoş niyyətini göstərdi. Moskvanın isə bundan sonra konkret addımlar atıb-atmayacağı diqqətlə izlənilir. Çünki böhranın tam həlli üçün yalnız sözlər və bəyanatlar kifayət etmir — real addımlar, hüquq-mühafizə orqanlarının davranışlarında dəyişiklik və qarşılıqlı etimad tələb olunur.

Musavat.com

Избранный
20
50
musavat.com

10Источники