AZ

ABŞ hökuməti erməni kilsəsinin Rusiya ilə gizli əlaqələrindən şübhələnir...


Qasım Hacıyev: “ABŞ istəyir ki, erməni kilsəsi Rusiya ilə əlaqələri kəssin, təkcə ona xidmət etsin, onun maraqlarına uyğun davransın”

Erməni Qriqoryan kilsəsinin Rusiya ilə əlaqələrinin olduğu məlumdur. Bu əlaqələr o səviyyədədir ki, hətta Rusiya açıq və gizli şəkildə erməni kilsəsini müdafiə etməkdən çəkinmir. Biz bunu son həftələr daha da kəskinləşən Paşinyan-kilsə qarşıdurması zamanı daha aydın şəkildə gördük.

Erməni kilsəsi ilə Rusiya arasındakı əlaqələr rəsmi Vaşinqtonu ciddi narahat edir və bu səbəbdən ABŞ erməni kilsəsi ilə rəsmi Moskva arasındakı əlaqələrin öyrənilməsinə 60 min dollar ayırıb.

Bu barədə yayılan xəbərdə deyilir ki, Amerikanın Humanitar Elmlər üzrə Milli Fondu Erməni Kilsəsinin inkiafı və Rusiya İmperiyası ilə əlaqələrini öyrənmək üçün vəsait ayırıb. Onun nəticələrinə əsasən, təşəbbüs müəlliflərinin “Rusiyadakı erməni kilsəsinin taleyinin ilk salnaməsi” kimi elan etdikləri kitabın nəşri planlaşdırılır.

Layihə humanitar kimi təqdim edilir, lakin ekspert icması hesab edir ki, Vaşinqtonun mövzuya diqqət yetirməsi erməni dini mühitinə təsir etmək üçün “povestlər yaratmaq” istəyi ilə diqtə olunur. Məsələyə Nikol Paşinyan hökuməti ilə kilsə iyerarxiyası arasında qarşıdurmanın kəskinləşməsi xüsusi aktuallıq verir. Ermənistanın özündə bu layihə humanitar layihə kimi qəbul olunmur.

Həmçinin qeyd edilir ki, bu münasibətlər iki əsas amilin təsiri altında formalaşıb: “erməni etirafının Şərq pravoslavlığına teoloji yaxınlığı və erməni dini icmasının transimperatorluğu”.

Sərəncam müəlliflərinin fikrincə, bu amillər iki ölkə arasında həm tərəfdaşlığa, həm də münaqişəyə töhfə verib.

Fond həmçinin iddia edib ki, layihə Rusiyada din tarixinə, ermənişünaslığa, ümumilikdə imperiyaların tarixinə böyük töhfə verəcək.

“Rəsmi Vaşinqton yaxşı bilir ki, ermənilər, erməni kilsəsi əvvəlcə çar Rusiyasına, sonra Sovet imperiyasına, indi də SSRİ-nin siyasətini davam etdirən Rusiyaya nökərçilik edir”

Professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, rəsmi Vaşinqtonun icra etdiyi bu layihə təsadüfi xarakter daşımır və onlar erməni kilsəsinin Rusiyaya nökərçilik etdiyini daha net şəkildə təsdiqləmək niyyətindədir. “Birincisi, ABŞ-ın dünyanın bütün bölgələrində üstünlük əldə etmək marağı var. ABŞ ilk növbədə hucumlar və işğallar haqda düşünmür, ideoloji cəhətdən həmlələrini davam etdirir, nəyin bahasına olursa olsun, başqa dövlətlərdə öz imkanlarını genişləndirmək istəyir. ABŞ-ın qloballaşma siyasəti və sair müstəvisində həyata keçirdiklərini görmüşük. Bütün bunlar Qərb ölkələrinə və başqa bölgələrə ABŞ-ın nəzarətini artırmasına xidmət edir.

ABŞ Cənubi Qafqazda və digər bölgə ölkələrində öz mövqeyini bərkitmək üçün erməni alətindən istifadə edir. Rəsmi Vaşinqton yaxşı bilir ki, ermənilər, erməni kilsəsi əvvəlcə Çar Rusiyasına, sonra Sovet imperiyasına, indi də SSRİ-nin siyasətini davam etdirən Rusiyaya nökərçilik edir. Erməni kilsəsinin xəfiyyəliklə məşğul olduğu məlumdur. Bu, kilsədən çox agentura şəbəkəsini xatırladır.

Sözsüz ki, ABŞ istəyir erməni kilsəsi Rusiya ilə əlaqələri kəssin, təkcə ona xidmət etsin, onun maraqlarına uyğun davransın. Görünür, II Qaregin ABŞ-a deyib ki, erməni kilsəsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur. Əlbəttə, bu yalan da ABŞ-ı şübhləndirib ki, o, erməni kilsəsi ilə Rusiyanın əlaqələrinin araşdırılması üçün xüsusi vəsait ayırıb”.

Q.Hacıyev qeyd edir ki, ABŞ-ın məqsədi Ermənistanı Rusiyanın nəzarətindən tam çıxarmaqdır. Q.Hacıyev dedi ki, vaxtilə ABŞ SSRİ-ni dağıtdı, indi də SSRİ-nin varisi Rusiyanın üzərində siyasi və iqtisadi cəhətdən böyük üstünlüyü var. “Bu gün Rusiya heç cür Ermənistandan əl çəkmək istəmir və bununla da az da olsa Cənubi Qafqaza nəzarətini artırmaq istəyir, Zəngəzur dəhlizinə də böyük marağı var. Ona görə də Ermənistanı itirmək niyyətində deyil. Bu gün buna görə Rusiyanın istifadə etdiyi rıçaqlardan biri qalıb, bu da erməni Qriqoryan kilsəsidir ki, Rusiyaya nökərçilik edir. Rusiya Paşinyana təsir edə bilmədyi üçün kilsədən möhkəm yapışıb. Çünki Rusiya ilə erməni Qriqoryan kilsəsi arasındakı gizli əlaqələr indi də qalır. Ermənistanda keşişin ətrafına niyə bu qədər adam yığılıb? Erməni kilsəsinin ətrafında həmişə adam olub, amma bu qədər yox. Düzdür, uzun bir müddətdə erməni kilsəsi erməni xalqına rəhbərlik edib. İndi böyük siyasi oyunlar gedir.

Rusiya Cənubi Qafqazdakı son dayanacağı olan Ermənistanı da itirməmək üçün sonuncu şansdan - erməni Qriqoryan kilsəsindən istifadə edir. Rusiya istəyir ki, kilsə xalqı ayağa qaldırsın və Paşinyanı hakimiyyətdən devirsin, onun əvəzinə öz adamını hakimiyyətə gətirsin. Amma rəsmi Vaşinqton müxtəlif vasitələrlə Rusiyanın bu imkanlarına mane olur. İndi son hədd qalıb, ABŞ erməni kilsəsini Rusiyadan aralaya bilsə, bu ölkəyə bir zərbə vursa, hesab edirəm ki, məsələ həll olunar, ABŞ-ın bölgədəki imkanları bir az da artar.

Bunun da Azərbaycan və Türk dünyası, region üçün nələr vəd etdiyini hələ demək çətindir. Rus təhlükəsi bölgədən çəkilməlidir ki, yerdə qalan məsələlər aydınlaşsın”-deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA

Seçilən
46
50
baki-xeber.com

10Mənbələr