Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Evdəki yüksək rütbəli mənbələrə istinadən məlumat yayıb.
Tramp administrasiyası hesab edir ki, ABŞ-ın hərbi müdaxiləsi Vaşinqtonu "sürünən, tükəndirici və nəticəsi bilinməyən sonsuz bir müharibə" labirintinə sala bilər. Prezidentin özü isə ABŞ-ın daha bir Yaxın Şərq bataqlığına düşməsinin qarşısını almağın vacibliyini vurğulayıb.
Hazırda Tramp administrasiyası münaqişənin diplomatik yolla həllinə üstünlük verir. Vaşinqton həm Avropa müttəfiqləri, həm də Türkiyə, BMT və digər tərəfdaşlarla sıx təmaslar saxlayaraq, tərəfləri masa arxasına qaytarmaq niyyətindədir.
Ağ Ev mənbələri bildirirlər ki, Trampın qərar verməkdə əsas götürdüyü amil Amerikanın milli maraqlarıdır və o, "başqalarının müharibəsini aparmaq niyyətində deyil".
Trampın bu mövqeyi İsraildə müəyyən narahatlıq yaradıb. Tel-Əvivdə bəzi dairələr ABŞ-dan daha açıq və sərt dəstək gözləyir. Xüsusilə, İranın raket zərbələri fonunda ABŞ-ın hərbi iştirakının psixoloji və strateji əhəmiyyət daşıdığı vurğulanır.
Lakin ABŞ ictimaiyyəti də uzunmüddətli hərbi kampaniyalardan yorulmuş vəziyyətdədir və Tramp bu sentimenti nəzərə alaraq ehtiyatlı davranır.
Siyasi təhlilçi Maykl Hovardın fikrincə:
"Tramp ABŞ ordusunun Yaxın Şərqdə daha bir sonsuz münaqişəyə sürüklənməsinin əleyhinədir. Onun üçün bu, həm geosiyasi, həm də seçki strategiyası baxımından risklidir".