“Liverpul”un keçmiş hücumçusu Roberto Firmino “qırmızılar”ın şərəfini qoruyarkən, “Real”a keçidinin baş tutmamasından söhbət açıb.
Arena.az hazırda Qətərin “Əl-Sədd” klubunun formasını geyinən Firminonun müvafiq açıqlamasını təqdim edir:
“Real”a iki dəfə “yox” demişən. İlk dəfə bu, “Liverpul”a keçidim ərəfəsində yaşanıb, ardınca isə Səudiyyə Ərəbistanına keçməmişdən bir qədər əvvəl”, deyə Firmino vurğulayıb.
Xatırladaq ki, 34 yaşlı Firmino 2025-ci ilin yayında Səudiyyə Ərəbəsitanının “Əl-Əhli” klubundan 7 milyon avro müqabilində Qətər təmsilçisi “Əl-Sədd”ə keçib. Braziliyalı futbolçu Qətər təmsilçisinin heyətində 13 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun “Əl-Sədd” ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.
Roberto Firmino “Fiqeyrense”nin məzunudur. Braziliyalı hücumçunun Avropa futbolunda debütü Bundesliqa təmsilçisi “Hoffenhaym”la baş tutub. Buradan “Liverpul”a keçmiş Firminonun futbolçu karyerasının ən məhsuldar dövrü, məşhurluğu məhz İngiltərə təmsilçisinin adı ilə bağlıdır. Ardınca Firmino “Əl-Əhli”yə keçib.
Firmino 2014-cü ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 55 oyuna 17 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Roberto “selesao” ilə 2019-cu il Amerika Kubokunun qalibi olub.
Firmononun futbol nailiyyətlərinə gəlincə, braziliyalı hücumçu qənimətlərinin böyük əksəriyyətini “Liverpul”la qazanıb: İngiltərə Premyer Liqasının (2019/2020), İngiltərə Kubokunun (2022), İngiltərə Liqa Kubokunun (2022), İngiltərə Super Kubokunun (2023), Çempionlar Liqasının (2018/2019), UEFA Super Kubokunun (2019/2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub. Roberto həmçinin “Əl-Əhli” ilə 2024/2025-ci illər mövsümü Çempionlar Liqasında qalibiyyət əldə edib.
“Transfermartk” internet-portalı 34 yaşlı braziliyalı mərkəz hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
