“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə Tovuz təmsilçisi inamlı qələbəyə sevinib – 2:0.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlin sonuncu və vacib oyunu idi. Uşaqlar bu məsuliyəti dərk edirdilər. Zədəlilərimizin olması səbəbindən bəzi oyunçular öz mövqelərində oynamırdılar. Vacib qələbə münasibəti ilə futbolçuları təbrik etdim.
Azarkeşlərin istefa şüarlarına görə hansısa təzyiq hiss etmirəm. Mən təcrübəli məşqçiyəm. Belə şeylərə fikir vermirəm. Rusiyada olanda da mətbuatda yazılanları oxumurdum. Mən yalnız öz işimə köklənirəm.
Qış təlim-məşq toplanışına gəlincə, 4-18 yanvar aralığında Türkiyədə toplanış keçəcəyik. Ayın 10-da və 17-də yoxlama oyunlarımız olacaq”.
