AZ

Matvey Safonov bir neçə həftə oynamayacaq – ARENA.AZ

Fransa çempionu PSJ-nin və Rusiya yığmasının qapıçısı Matvey Safonov bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə Paris təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qapıçı Qitələrarası Kubokun finalında “Flamenqo” (Braziliya) ilə keçirilən matçda əlindən zədələnib. Qapıçının 4 həftə oynamayacağı bildirilib.

Xatırladaq ki, PSJ ilə “Flamenqo” arasında baş tutmuş final matçında (1:1) Fransa klubu penaltilər seriyasında 2:1 hesabı ilə qələbə qazanıb.

Yeri gəlmişkən, PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin rusiyalı qapıçısı Matvey Safonov haqda qənətini açıqlayıb. İspan mütəxəssis bunları dilə gətirib:

“Safonov öz səviyyəsini nümayiş etdirdi. Həmişə hazır olan oyunçularımızı görməyə şadıq”, deyə Enrike vurğulayıb.

Xatırladaq ki, Matvey Safonov PSJ-yə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Safonov cari mövsümdə 4 oyuna çıxıb, 3 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb. O, PSJ-nin heyətində bütövlükdə 21 oyuna çıxıb. Rusiyalı qapıçı bu oyunlarda 16 qol buraxıb, 9 oyunda qapısını toxunulmaz saxlayıb.

“Krasnodar”ın yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.

Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 17 oyuna çıxıb, 12 qol buraxıb, 8 matçdan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 26 yaşlı rusiyalı qapıçının transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
15
7
arena.az

10Mənbələr