Danimarkanın “Midtyulland” klubunun mərkəz yarımmüdafiəçisi Oliver Sorensen bundan sonra “Parma”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
A Seriyası təmsilçisi bu transferi 8 milyon avroya rəsmiləşdirib. 23 yaşlı danimarkalı futbolçu ilə müqavilə isə 5 illikdir (2030-cu ilin 30 iyununadək).
Oliver Sorensen “Midtyulland”ın öz yetirməsidir. Yarımmüdafiəçi bir müddət “Frederika” və “HamKAm” klublarında icarədə də olub. O, “Midtyulland”ın əsas komandasında 132 oyuna çıxıb, 16 qol və 13 məhsuldar ötürmə müəllifi olub.
Danimarkanın U-16, U-17, U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.
