EN

O qatar Zəngəzur dəhlizindən də keçəcək

Demək, Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh Sazişinin XV maddəsində tərəflər öz üzərinə öhdəlik götürürlər ki, indiyədək mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı formada həll edəcəklər. Burada Azərbaycanla Ermənistan bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmamaq, hər hansı formada belə fəaliyyətlərə cəlb edilməmək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirmək öhdəliyi də götürürlər ki, hər iki öhdəliyin bir maddədə yer alması çox böyük ehtimalla bizim tələbimizdir.

Birinci hissədəki öhdəliyə gəldikdə, detallara varmadan deyim ki, burada daha çox beynəlxalq məhkəmələrin bizim yaxşı tanıdığımız böyük güclərin təsiri altında olması reallığı nəzərə alınıb. Eyni zamanda Sazişin IX maddəsində hər iki tərəfin münaqişəyə cəlb edildikləri də vurğulanır ki, qarşılıqlı iddialardan imtina həm də bu məntiqdən doğur.

Bəli, hər iki tərəf fərqli statusla, amma doğrudan da münaqişəni başladanlar yox, ona cəlb edilənlərdirlər. Fərqli status deyəndə mən Ermənistandan alət kimi faydalanılmasını, Azərbaycanın isə təcavüz hədəfi seçilməsini nəzərdə tuturam.

Münaqişənin arxasında üçüncü tərəfin durduğunu, sülh yolunda həlledici addımın atıldığı Vaşinqton görüşü ərəfəsində Azərbaycana qarşı başladılan aqressiv kampaniya, Qriqorian kilsəsinin, daşnakların və hara bağlı olduqlarını hər kəsin yaxşı bildiyi digər revanşist ünsürlərin Ermənistanı qarışdırmaq cəhdləri də bütün çılpaqlığıyla ortaya qoymurmu?

Amma necə deyərlər artıq qatar gedib. Həmən qatar yəqin bir gün Zəngəzur dəhlizindən də keçəcək. Və artıq o qatardakıları sovet dönəmində dəhliz açıqkən yoxlayanlar vardı ha, onlar yoxlamayacaqlar. Nə gözəl!

Chosen
79
50
aznews.az

10Sources