ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı fikirləri İslam İnqilabı Keşişçiləri Korpusunun (SEPAH) narahatlığına səbəb olub.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu məsələdə əslində bu gözlənilən bir müqavimətdir:
“Çünki bir ölkə molla zehniyyəti ilə idarə olunanda nəticə belə olur: hamıya ölüm diləyirsən, xalqı inandırırsan ki, hər şey yüksək səviyyədə qurulub, ölkə təhlükəsiz vəziyyətdədir. Amma kiçik bir toqquşmada belə böyük itkilər verdiyini ortaya qoyursan.
İndiyə qədər dini və məzhəbçi ideologiyanı özləri üçün qalxana çevirənlər artıq müasir dünyanın dəyərləri ilə baş-başa gəlmədiklərini görürlər. Ona görə də ağıllı insanlar anlayırlar ki, Zəngəzur dəhlizi İranın bəlkə də ən çox xeyrinə olan bir variant, bir şansdır. Sən qərbə inteqrasiya olunmadan, qapalı mühitdən necə çıxa bilərsən?
Əgər məsciddə cümə namazından sonra hər dəfə “İsrailə ölüm, Amerikaya ölüm” deyib çığırsan, amma həmin ölkələrdən biri gəlib səni evinin içində vurursa, deməli, ağıllı olmalısan. Dünyaya baxışını dəyişməli, başqasını hədələməməlisən
Bu baxımdan Pezeşkianın və onun komandasının məsələlərə daha rasional və ilımlı yanaşması onların ağıllı olmasından xəbər verir”.
Deputat əlavə etdi ki, burada məsələ ağılda bitir: İranda ağıllı insanlar ilə xəstə dini təfəkkürə sahib olan insanlar arasında gələcəyin seçimi gedir.
“Xalqın böyük əksəriyyəti də ağıllı insanların mühakiməsini qəbul edir. Məncə, bu proses hələ bir az da irəli gedəcək. Xüsusilə son savaşdan sonrakı vəziyyətdə xalq anlayır ki, çıxış yolunu tapmaq lazımdır. Molla zehniyyəti ilə sona qədər getmək isə İranın məhvi deməkdir”, - deyə Fazil Mustafa vurğuladı.
Xədicə BAXIŞLI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.