ain.az bildirir, Oxu.az portalına istinadən.
"Paraflanmış sülh sazişinin mətni göstərir ki, sənədin başlıca müəllifi Azərbaycan Prezidentidir. Bu mətn təkcə Ermənistan hakimiyyətindəki "Qarabağ klanı"nın və diasporunun deyil, həm də bir müddət öncə "Qarabağ Ermənistandır" deyən Paşinyanın özünün də qəbul etmədiyi müddəaları əhatə edir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin tam mətnini şərh edən politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, bu gün Ermənistanın daxili və xarici siyasəti, əslində, Azərbaycanın müəyyən etdiyi çərçivələr daxilində formalaşır:
"Bu, böyük tarixi nailiyyətdir. Sənəddə Azərbaycanın ərazi bütövlüyü, daxili işlərinə qarışmamaq prinsipi, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması kimi mühüm müddəalar yer alır. Dünyada heç kim buna etiraz edə bilmir, çünki arqument yoxdur. Biz xoşbəxt nəslin nümayəndələriyik ki, belə bir dövrü yaşayırıq, güclü bir liderimiz var və Azərbaycanın yüksəlişini öz gözlərimizlə görürük.
Sənəddə yer alan müddəaları Prezident İlham Əliyev illər ərzində həmişə səsləndirib. O deyib ki, Azərbaycanın ərazisi siyasi alver predmetinə çevrilə bilməz. Biz bir qarış da olsa, torpaqlarımızı kiməsə vermək və ya bağışlamaq fikrində deyilik. Heç kəsə Azərbaycanın daxili işlərinə qarışmağa imkan verməyəcəyik. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan vermərik", - deyə o qeyd edib.
İ.Vəlizadə əlavə edib ki, mətndə hansısa yeni və gözlənilməz fikir yoxdur:
"Lakin eyni zamanda bilirik ki, həm Azərbaycanda, həm də ölkədən kənarda bəzi siyasi qruplar, ekspertlər və siyasətçilər illərlə bu tezislərə skeptik yanaşıblar. Deyirdilər ki, bunlar reallıqla uzlaşmayan siyasi şüarlardır. 2020-ci ilə qədər bu mövqedə olanlar çox idi. Hətta ölkə daxilində bəzi müxalif siyasi qruplar iddia edirdilər ki, Azərbaycanın bütün ərazilərini azad etmək, hətta Şuşanı geri almaq mümkün olmayacaq. Lakin tarix göstərdi ki, bu tezislər reallıqda öz təsdiqini tapdı. Onlar təkcə siyasi sferada yox, həm də hüquqi sənədlərdə, xüsusilə də sülh sazişində əks olundu. Bu, obyektiv reallıqdır".
Məhərrəm Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.