AZ

Paraflanmış sülh sazişi nə deməkdir? Parlamentari AÇIQLADI

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

""Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" 17 maddədən ibarətdir. Sazişin bütün maddələri Azərbaycanın milli maraqlarına uyğundur".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nigar Məmmədova deyib.

O bildirib ki, ilk növbədə, tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyini, sərhədlərin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyırlar:

"Habelə, bir-birinə qarşı indi və gələcəkdə ərazi iddialarının olmadığını təsdiqləyir, həmçinin bu cür hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə, dəstəklənməsinə yol verməyəcəyi öhdəliyini götürürlər. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini şərtləndirir. Eyni zamanda, tərəflər separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər. Bu isə Azərbaycan ərazilərində erməni separatizminin yenidən baş qaldırma riskinin olmadığını, Qarabağda separatizmin kökünün birdəfəlik kəsildiyini təsdiqləyir.

Sazişdə, həmçinin qeyd olunur ki, tərəflər sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Bu isə Aİ "mülki missiyası"nın regiondan çıxmasını şərtləndirir. Çünki Avropa İttifaqının Ermənistandakı missiyasına artıq ehtiyac qalmayıb, bu missiya faktiki olaraq iflasa uğrayıb. Aydındır ki, bu missiya Fransa Prezidenti Emmanuel Makronun layihəsi idi. Məqsəd isə Aİ-nin, Qərbin Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat işləri aparmaq, Ermənistanla Azərbaycan arasında münasibətləri gərginləşdirmək idi. Artıq iki tərəfin də qəbul etdiyi sülh gündəliyi var. Buna görə də Aİ missiyası fəaliyyətini dayandırmalıdır", - deputat vurğulayıb.

Müsahibimiz sənəddə əks olunan humanitar məsələlərlə bağlı da danışıb: "Tərəflər itkin düşmüş şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla tədbir görmək öhdəliyi götürürlər. Bu isə 4 minə yaxın soydaşımızın taleyinə aydınlıq gətirilməsi deməkdir. Sazişdə delimitasiya və demarkasiya prosesi, həmçinin yekun sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin qurulmasına dair bəndlər də yer alıb.

Sənəddə, həmçinin qeyd olunur ki, tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər. Bununla belə, Azərbaycan Prezidentinin söylədiyi kimi, Ermənistanın "ev tapşırıqları" var - Konstitusiya dəyişdirilməli, Azərbaycana qarşı ərazi iddiaları oradan çıxarılmalıdır. Bundan sonra yekun sülh sazişi imzalana bilər", - deyə Nigar Məmmədova fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
50
oxu.az

10Mənbələr