EN

Azərbaycan enerji siyasəti: Avropadan Yaxın Şərqə qədər...

Suriyaya qaz ixracı müsəlman ölkələri ilə əməkdaşlıq perspektivini gücləndirir 

Qlobal iqtisadi nizamın sürətlə dəyişdiyi, enerji bazarlarında qeyri-müəyyənliyin artdığı və geosiyasi risklərin dünya üzrə tədarük zəncirlərini təhdid etdiyi bir dövrdə Azərbaycan regionda sabitlik və dayanıqlılığın rəmzinə çevrilməkdədir. Son illərdə enerji sektorunda həyata keçirdiyi ardıcıl və strateji addımlar, xüsusilə də qaz ixracatında göstərdiyi çeviklik və praqmatik yanaşma ölkəmizi qlobal enerji xəritəsində etibarlı və perspektivli tərəfdaş kimi ön plana çıxarıb. Artıq Azərbaycanın enerji siyasəti təkcə Avropa ilə məhdudlaşmır - o, öz təsir dairəsini genişləndirərək Yaxın Şərqə, xüsusilə də Suriyaya qaz ixracı ilə regionlararası enerji əməkdaşlığında yeni səhifə açır.

Bu yanaşma Azərbaycanın enerji ixracında diversifikasiyanı sürətləndirməklə bərabər, həm də iqtisadi-siyasi əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusilə Yaxın Şərqdə baş verən geosiyasi dəyişikliklər və region ölkələrinin enerji təhlükəsizliyi baxımından yeni mənbə axtarışları fonunda Azərbaycanla əməkdaşlıq həm texniki, həm də strateji baxımdan daha yüksək dəyər qazanır. Suriyaya qaz ixracının başlanması bu prosesin təkcə iqtisadi deyil, siyasi nəticələr doğuracağına da işarədir.

Azərbaycanın bu təşəbbüsləri təkcə enerji resurslarının ixracı deyil, eyni zamanda regional təsir gücünün genişləndirilməsi, Yaxın Şərqdəki bir sıra ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, yeni diplomatik kanalların açılması baxımından da mühüm hadisə kimi dəyərləndirilir. Bütün bunlar Azərbaycanın yeni iqtisadi reallıqlara uyğun mövqelənməsini və enerji siyasətində çevik, çoxvektorlu diplomatiya yürütməsini göstərir.

Azərbaycandan Türkiyəyə, oradan Suriyaya...

Qeyd edək ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə, Suriya və Qətərin hökumət nümayəndələri ?? rəsmi şəxslər iştirak ediblər. Bildirilib ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına cari il aprelin 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüşlərdə əldə edilmiş razılaşmalar əsasında, qısa müddət ərzində start verilib. Vurğulanıb ki, Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur. Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayı isə

14-ə çatır. Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir. Qeyd edilib ki, Azərbaycanın təbii qazı Kilis vasitəsilə Suriyaya ixrac olunacaq və “Yavuzlu Ölçmə” Stansiyasından gündəlik 6 milyon kubmetr təbii qaz nəql ediləcək. İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək.

Suriya-Azərbaycan münasibətləri yeni mərhələdə...

Bəli, Yaxın Şərq son illərdə şaxələndirilməsi ilə diqqət çəkən Azərbaycanın enerji siyasətində mühüm bir yer tutur. Suriya ilə münasibətlər isə artıq yeni bir mərhələyə qədəm qoyub. On iki illik fasilədən sonra Azərbaycanın Dəməşqdəki səfirliyi fəaliyyətini bərpa edib. 2024-cü ilin 10 dekabrında Azərbaycanın Xarici İşlər Nazirliyi iki ölkə arasında ikitərəfli münasibətlərin bərpa olunacağına ümidini ifadə edən bəyanat yaydı. Dekabrın 29-da isə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Dəməşqə səfər etdi, Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani ilə görüşdü. Dekabrın 30-da Azərbaycan Suriyaya ilk humanitar yardım karvanını göndərdi. Bu humanitar yardım Prezident

İlham Əliyevin tapşırığına əsasən, Suriyada humanitar böhrandan zərər çəkmiş əhaliyə dəstək məqsədilə göndərildi. Sonrakı dövrdə Azərbaycan Suriyanın bərpasında Türkiyə ilə yanaşı iştirakını bəyan edib. Fevralın 15-də Azərbaycan Prezidenti Suriyanın keçid hökuməti prezidenti Əhməd Əl Şaraaya təbrik məktubu ünvanlayıb. Aprel ayının 11-də isə Antalya Forumu çərçivəsində Azərbaycan Prezidenti ilə Suriyanın keçid dövrü dövlət başçısı arasında ilk görüş reallaşıb. Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib. Öz növbəsində, Əhməd Ə? Şaraa da Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini vurğulayıb.

Ötən ay Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ölkəmizdə səfərdə olub. Dövlət rəhbərləri arasında baş tutan geniş tərkibdə görüşdə bir çox məsələlər, o cümlədən Suriyaya qaz ixracı məsələsi də müzakirə edilib və razılıq əldə olunub.

Etibarlı tərəfdaşdıq...

Artıq proses reallaşıb - Azərbaycanın Suriyaya qaz ixrac etməsi ölkələr arasında əməkdaşlığın yeni səviyyəyə çatdırılması prosesinin növbəti mərhələsindən xəbər verir. Bu addım nəinki ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də Yaxın Şərqin siyasi-iqtisadi proseslərinə olduqca vacib müsbət təsir göstərəcək.  Azərbaycanın bu məsələdə zaman etibarı ilə qısa sayılsa da, böyük təcrübəsi var. Azərbaycanın üstləndiyi enerji təminatçısı rolu bütün dünyada təqdir olunur. Bu gün Azərbaycan dünyanın artıq 14, Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir, Aİ-yə əsas qaz tədarükçüləri arasında yer tutur. Təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatıb. 2030-cu ilədək qaz ixracının 8 milyard kubmetrə qədər artırılacağı nəzərdə tutulur. 

Prezident İlham Əliyev bu il iyunun 2-də 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında bildirib ki, biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir: “Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir”.

Yaxın Şərq perspektivi...

Azərbaycan-Suriya əlaqələri eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasə?inin bir hissəsidir. Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi, Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan hər yerdə olduğu kimi, Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanla Suriya arasında yeni istiqamət Azərbaycan qazının Suriya bazarına çıxarılmasıdır.  Azərbaycan qazı üçün dünyada rəqabət artır, Azərbaycan qazının diversifikasiyası üçün imkanlar genişlənir. 

Paralel olaraq vurğulayaq ki, Azərbaycanın Suriyanın qaz təminatında iştirakı Yaxın Şərqin qaz təchizatında iştirak baxımından ilk deyil - bu mənada, İsrail, İordaniya, Misir və digər ölkələrlə əməkdaşlıq perspektivləri mövcuddur. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Bu da Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini vəd edir. BƏƏ və Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq genişlənməkdədir. Bu əməkdaşlıq əsasən bərpa olunan enerji sahəsində olsa da, perspektivdə enerji texnologiyalarını əhatə edə bilər.

Qeyd edək ki, Azərbaycan qazı TANAP vasitəsilə Türkiyəyə çatır. Türkiyənin öz növbəsində İraq, Suriya, Livan və İordaniya ilə enerji əlaqələri mövcuddur. Beləliklə, Azərbaycanın qazı Türkiyə üzərindən Yaxın Şərqə çatmaq potensialına malikdir. Bu istiqamətdə regional interkonnektor sistemləri genişləndikcə, Azərbaycan qazının dolayı yolla Yaxın Şərq bazarlarına daxil olması mümkün ??????. Azərbaycanın bu bölgədə enerji əməkdaşlığı platforması yaratması qlobal enerji təhlükəsizliyi, bazar diversifikasiyası və qaz tədarükünün şaxələndirilməsi baxımından mühüm rol oynayır. Nəticə etibarı ilə, Azərbaycanın Yaxın Şərqin qaz təchizatında rolu hələ tam aktiv olmasa da, perspektivdə infrastrukturun inkişafı, regional əməkdaşlıq sazişləri, beynəlxalq qaz ticarəti mexanizmləri və enerji diplomatiyası bu rolu daha da genişləndirmək imkanına malikdir.

Pərviz SADAYOĞLU 

Chosen
41
2
yeniazerbaycan.com

10Sources