AZ

Azərbaycanın beynəlxalq vasitəçilik missiyasının yeni prinsipləri bəyan olundu...


Dünyanın diqqətinin Ukrayna ilə Rusiya arasındakı gərginliyə yönəldiyi məqamda Azərbaycanın bu iki ölkə arasında vasitəçi rolu oynaya biləcəyi məsələsi yenidən aktuallaşıb.

Məsələ burasındadır ki, Azəbaycanın indiyə qədər həyata keçirdiyi vasitəçilik missiyaları uğurla nəticələnib. İndi bunun Rusiya-Ukrayna savaşında da sınaqdan keçirilməsi maraq doğurur. Təsadüfi deyil ki, sözügedən məsələ prezident İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə də diqqət mərkəzində yer alıb.

Həmin tədbirdə DND Xəbərlər Agentliyinin rəhbəri Agha Iqrar Haroon tərəfindən dövlət başçısına belə bir sual ünvanlanıb: “Siz bu yaxınlarda İsrail və Türkiyə arasında vasitəçi oldunuz. Ondan əvvəl isə Rusiya ilə NATO arasında görüşə ev sahibliyi etdiniz. Düşünürəm ki, bu məsələlər çox əhəmiyyətlidir... Ukrayna ilə Rusiya arasında münaqişənin heç olmasa dayanması üçün rol oynaya bilərsinizmi?”. Bu suala cavabında prezident İlham Əliyev qeyd edib: “Çox sağ olun. Biz yalnız dəvət olunan zaman məsələyə qoşuluruq. Əgər dəvət olunmuruqsa, biz öz yerimizdə qalırıq. Kiminsə dəvətsiz getdiyi kimi biz getmirik. Əgər dəvət olarsa, düşünürəm ki, biz lazımi vasitəçilik edə bilərik. Amma gərək xahiş edilsin... Bütün xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll olunduqdan sonra biz beynəlxalq arenada daha fəalıq və qeyd etdiyiniz kimi, müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir. Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq. Geniş region dedikdə, mən Cənubi Qafqazı, Orta Şərqi, Mərkəzi Asiyanı və Azərbaycanın yaxınlığında olan bütün yerləri nəzərdə tuturam. Həmçinin Avropa da ola bilər, çünki Avropa İttifaqı ilə gündəliyimiz deyərdim ki, yenidən başlama prosesindədir. Həmçinin əvvəlki Avropa Komissiyası ilə çətin anlar olub, lakin indiki yeni Komissiyadan, onun rəhbərliyindən müsbət mesajlar alırıq. Birmənalı olaraq, biz də müsbət cavab veririk”. Qeyd edək ki, Avropa İttifaqının, NATO-nun üzvü olmasa da, bu təşkilatlarda təmsil olunan qərb dövlətləri ilə yaxın əlaqələr qurub. Eynilə Avrasiya İqtisadi Birliyində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunmayan Azərbaycan bu təşkilatlardakı ölkələrlə hərbi, siyasi, iqtisadi, humanitar çərçivədə əməkdaşlıq edir. Bu cür balanslı xarici siyasət Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə, regionun sabitlik adasına çevirib. Təsadüfi deyil ki, son illər Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin, konfransların, forumların ev sahibinə çevrilib. Hətta iki fərqli qütbü təmsil edən amerikalı və rusiyalı generallar da dialoq aparmaq üçün paytaxt Bakıda bir neçə dəfə görüşüblər.

Şərqlə Qərb arasında mühüm körpü olan Azərbaycan, strateji əlaqələr qurduğu ayrı-ayrı ölkələrin bir-birinə qarşı münasibətlərinin müsbətə doğru dəyişməsinə də təsir edir. İsrail-Türkiyə münasibətlərində olan soyuqluq, gərginlik də əsasən Azərbaycan hesabına çözülür. Belə ki, ölkəmiz tərəfindən vasitəçilik missiyası ortaya qoyulub və bu, müsbət nəticələnib. Həmin ölkələr arasında birinci böhran əsasən Azərbaycanın vasitəçiliyi hesabına aradan qaldırıldı. Hazırda da Azərbaycanın vasitəçiliyi davam edir. Türkiyə ilə Azərbaycan arasında Suriyada münaqişənin olmaması istiqamətində görüşlər Bakıda aparılıb. Bu barədə İsrail və Türkiyə mətbuatında da məlumatlar gedib. İsrail Baş nazirinin təşəkkürü də yayımlanıb. Azərbaycan siyasi məkan olaraq diplomatik düyünlərin açılması üçün gündəmə gəlir. O da faktdır ki, Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz miqyas və dərinliyinə görə önəmli bir mərhələyə qədəm qoyub, eyni zamanda, özünün çevikliyi, dəqiqliyi və fəallığı ilə diqqət çəkir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmiz yeni bir dövrə qədəm qoyub, beynəlxalq münasibətlər sistemində daha fəal, təşəbbüskar və təbii ədalət prinsiplərinə söykənən mövqe nümayiş etdirir. Bu kontekstdə Yaxın Şərq regionu ilə münasibətlərin intensivləşməsi, xüsusilə də Suriya ilə əlaqələrin dərinləşdirilməsi Azərbaycanın postmünaqişə dövrü diplomatiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Suriyanın İsraillə münasibətlərinin normallaşmasıanda məhz Azərbaycan vasitəçilik edir. Bu günlərdə “Al Arabiya” Dəməşqdəki diplomatik mənbəyə istinadən məlumat yayıb ki, Suriya və İsrail rəsmiləri Prezident Əhməd əş-Şaraanın Azərbaycana səfəri çərçivəsində Bakıda görüşüblər. Məlumata görə, görüş iyulun 12-də baş tutub. “Əş-Şaraanın Bakıya səfəri çərçivəsində Suriya və İsrail rəsmiləri arasında görüş keçirilib”, - adı açıqlanmayan mənbə agentliyə bildirib. Bakının Kreml və Kiyev ilə münasibətlərini nəzərə alsaq, Azərbaycanın iki ölkə arasında vasitəçi ola biləcəyini demək olar. Azərbaycan Ukrayna-Rusiya münaqişəsinin həllində bu və ya digər şəkildə müəyyən rol oynaya bilər. İstənilən halda Bakının xarici siyasəti Ankara ilə sıx qarşılıqlı əlaqədə olur. Müvafiq olaraq iki ölkənin Xarici İşlər Nazirlikləri arasında müəyyən konsensusdan sonra, Kiyevlə Moskva arasındakı qarşıdurmanı həll etmək üçün müəyyən tövsiyələr vermək olar. Amma bunun üçün tərəflərin müvafiq müraciətlərinin olması da şərtdir.

Ramil QULİYEV

Seçilən
9
41
baki-xeber.com

10Mənbələr