AZ

Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər Tural Abbaslıdan Peskova cavab...

Sitat.info portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Moskva ilə Bakı arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır. Bu sözləri  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən də möhkəm təməl, iki ölkə arasında maraqların üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Amma bəzən iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi o dövrlərdən biridir. Ümid edirik ki, bu müddət keçəcək. İki ölkə arasında əməkdaşlıq qarşılıqlı fayda gətirir”, - o bildirib.

Peskovun bu sözlərinə Sitat.info-ya açıqlamasında aydınlıq gətirən Ağ Partiya başqanı Tural Abbaslı bildirdi ki, tarix boyu Rusiya bu cür çətin dövrlərin yaranmasına səbəb olub: "Əslində Azərbaycan- Rusiya münasibətləri belə çətin dövrlərə indi qədəm qoymayıb. 1813-cü ildə də, 1828-ci ildə də qədəm qoymuşdu. 90-cı ildə də, Xocalı soyqırımında da qədəm qoymuşdu. Bakıda 20 Yanvar qırğınlarında da Rusiya Azərbaycan münasibətləri ağır günlərə qədəm qoymuşdu. Qarabağın işğalında da Rusiya-Azərbaycan münasibətləri yaxşı deyildi. Elə Qarabağın 30 il işğalda qalmasına dəstək verəndə də Rusiya- Azərbaycan münasibətləri öz ağır dönəmində idi. Yəni, Peskov bir tarixləri qarışdırır".

T.Abbaslı vurğulayıb ki, hər zaman Rusiyanın imperialist və birtərəfli maraqlarını güdən siyasəti nəticəsində həmişə Rusiya-Azərbaycan münasibətləri gərgin olub: "Sadəcə olaraq, Rusiya 30 ildə öyrəşmişdi ki, Azərbaycanı diktə ilə idarə eləsin, yəni Azərbaycan bərabərhüquqlu qonşu dövlət kimi yox, diktə olunan dövlət kimi onun orbitində olan, onun siyasi təsir dairəsinə daxil olan bir dövlət kimi davransın. Amma artıq Azərbaycan Qarabağ problemini həll edəndən sonra müstəqil siyasət yürütməyə başlayıb və dünyada baş verən siyasi məsələlərə yanaşmada özünün müstəqil xəttini yürütdüyü üçün Rusiyanın xoşuna gəlmir. Rusiya əlində olan məhdud təzyiq rıçaqlarından istifadə edir və əvvəlki kimi öz təsir dairəsində saxlamağa çalışır. Amma təbii ki, Azərbaycan buna müqavimət göstərir.

Partiya sədri hesab edir ki, Azərbaycan tələbi çox sadədir: "Bizə bərabərhüquqlu qonşu dövlət kimi münasibətlər quracaq. Qarşılıqlı hörmətlə, qarşılıqlı xeyirləri nəzərə almaqla. Vassal kimi bir münasibət olmayacaq. Ona görə də, bu gün Rusiya- Azərbaycan münasibətləri gərgindir və bu, bizdən asılı deyil. Bu, daha çox Rusiyanın Azərbaycana olan münasibətindən asılıdır".

T.Abbaslının fikrincə,  Rusiya bir günə bu münasibətləri düzəldə bilər: "Azərbaycana müstəqil, öz qərarlarını verə bilən və regionda heç kimin vassalı olmayan bir dövlət kimi siyasi, iqtisadi münasibətlər quraraq münasibətləri yoluna qoya bilər.Əgər belə davam edəcəksə, Azərbaycanda Rusiyaya qarşı dirənmək qabiliyyəti var, sona qədər də Azərbaycan Rusiyaya müqavimət göstərəcək.  xxı əsrdə işğallar təkcə orduyla olmur. Siyasi, iqtisadi baxımdan da işğal olur. Ona görə Azərbaycan artıq Rusiyanın onu işğal etməsinə imkan vermək istəmir və Peskovun da təmsil olunduğu hökumət bunu nə qədər tez anlasa, həm Cənubi Qafqazda, həm Rusiyada  o qədər sabitlik olar".

Aytac,

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
50
sitat.info

10Mənbələr