2025-ci ilin ilk beş ayında Rusiyadan Azərbaycana gələn turistlərin sayı 241 min nəfəri keçib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalma deməkdir. Eyni tendensiya Türkiyə və İrandan gələn turistlərdə də müşahidə olunur. Bu vəziyyət, əsasən, beynəlxalq gərginliklər və geosiyasi amillər ilə əlaqələndirilir.
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Olaylar.az-a açıqlamasında qeyd edib ki, siyasi gərginlik fonunda turizm sahəsində müşahidə edilən azalma artıq real statistikaya çevrilməkdədir:
"Turizmin təbii xarakter xüsusiyyətlərindən asılı olaraq region ölkələri, xüsusilə sərhəd ölkələri əsas bazarlar hesab olunur. Biz əhalinin sayı, xaricə edilən səfərlərin sayı, dini və eyni zamanda keçmiş sosial-iqtisadi münasibətlər, nəqliyyat-kommunikasiya infrastrukturunun inteqrasiyası kimi faktorların təsiri ilə Rusiyanın Azərbaycanın əsas xarici turizm bazarı olduğunu davamlı olaraq müşahidə etmişik. Bu göstərici bəzi illərdə təxminən 30-35% arasında dəyişib.
2024-cü ilin son aylarından etibarən iki ölkə arasında müşahidə edilən münasibətlərin gərginləşməsi və Azərbaycanın hava nəqliyyatına Rusiya hava sahəsində edilən hücumdan sonra Rusiya-Azərbaycan arasında hava nəqliyyatı kommunikasiyasının intensivliyində azalma baş verdi. Uçuş istiqamətlərinin sayı təxminən iki dəfə azaldı. Quru sərhədlərinin bağlı olduğunu nəzərə alsaq, bu kontekstdə təbii olaraq həm qiymətlər bahalaşır, həm də daşıma imkanları məhdudlaşır. Bu da öz növbəsində turizm səfərlərinin sayına təsir göstərir.
Cari ilin son aylarında isə başqa bir kontekstdə iki ölkə arasında siyasi münasibətlərdə konflikt ortaya çıxıb. Bu konflikt fonunda müxtəlif çağırışlar müşahidə edirik. Bu çağırışlardan biri də Azərbaycana səfərlərin edilməməsi və ya Azərbaycanda Rusiya vətəndaşlarına münasibətdə təhlükəsizliklə bağlı bəzi narahatlıqların bilərəkdən dilə gətirilməsi yolu ilə Azərbaycana edilən turizm səfərlərinin sayının azaldılması istiqamətindədir. Bu təsirləri biz artıq müşahidə edirik. Bəli, bu prosesin gələcəkdə də davam etməsi ehtimalı var.
Bu çağırışların hansı istiqamətdə dərinləşəcəyi, konfliktin hansı məcraya yönələcəyi gələcəkdə Rusiyadan Azərbaycana səfərlərin sayına təsir edə bilər. Düşünürəm ki, bu proses eyni zamanda Azərbaycandan da Rusiyaya edilən səfərlərin sayında azalma ilə müşahidə olunacaq. Hələlik bu göstəricilər son aylar üzrə açıqlanmayıb. Amma əminliklə qeyd etmək olar ki, Azərbaycandan da Rusiyaya turizm məqsədilə edilən səfərlərin sayında azalma olacaq. Çünki burada birinci faktor - uçuşların sayının azalmasıdır. İkinci faktor isə son aylar ərzində iki ölkə arasında münasibətlərdəki gərginliyin müəyyən qədər çəkindirici faktor kimi çıxış etməsidir.
Ümid edirəm ki, bu konyunktur ən qısa müddətdə öz rasional məcrasına yönələcək və iki ölkə arasında siyasi və iqtisadi münasibətlər əvvəlki inkişaf meyillərini davam etdirməklə normal bir konfiqurasiya formalaşdıracaq".
Zeynəb Mustafazadə