EN

Nərminə Abbasova: “Ürək-damar sağlamlığı üçün risk faktorlarının azaldılması vacibdir”

Ürək-damar xəstəlikləri dünya miqyasında ən çox görülən sağlamlıq problemlərindəndir və ciddi fəsadlara səbəb ola bilər. Bu xəstəliklərin qarşısını almaq üçün erkən profilaktika və düzgün həyat tərzi çox önəmlidir...

Poliqon xəbər verir ki, Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova ürək-damar sağlamlığı barədə vacib məqamları izah edib.

Nərminə xanım bildirir ki, ürək-damar xəstəliklərinin yaranmasında əsas səbəblər arasında stress, pis qidalanma, azhərəkətli həyat tərzi və arterial təzyiqin yüksəlməsi dayanır:
“Ürək-damar sağlamlığı üçün ilk növbədə risk faktorlarının azaldılması vacibdir. Bunlara düzgün qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər istirahət və stressin idarə olunması daxildir. İnsanların bir çoxu təzyiqin yüksəlməsini və ya xolesterinin artmasını ciddi qəbul etməsə də, bunlar ürək-damar xəstəliklərinin əsas səbəblərindəndir.”

Həkim-terapevt həmçinin ürək-damar xəstəliklərinin simptomları barədə danışdı:
“Ürək nahiyəsində ağrı, nəfəs darlığı, halsızlıq və yorğunluq kimi əlamətlər görünsə, dərhal mütəxəssisə müraciət etmək lazımdır. Xəstəlik vaxtında diaqnoz qoyulmazsa, infarkt və ya insult kimi ağır nəticələrə səbəb ola bilər.”

Nərminə Abbasova ürək-damar sağlamlığını qorumaq üçün evdə tətbiq edilə biləcək bəzi üsulları da qeyd edir:
“Duz istifadəsini azaltmaq, doymuş yağlardan və fast-food qidalardan uzaq durmaq, həmçinin meyvə-tərəvəzlə zəngin pəhriz saxlamaq vacibdir. Fizioterapiya və reabilitasiya üsulları da ürək xəstəlikləri riskini azalda və xəstəlik sonrası bərpa prosesini sürətləndirə bilər.”

Baş həkim əlavə edib ki, müntəzəm sağlamlıq yoxlamaları ürək xəstəliklərinin erkən aşkar olunmasına kömək edir:
“Hər kəs ildə ən azı bir dəfə qan təzyiqi, qan şəkəri və xolesterin səviyyəsini yoxlatmalıdır. Bu göstəricilər nəzarətdə saxlanarsa, ürək-damar xəstəliklərinin qarşısını almaq mümkün olur.”

Nərminə xanım vurğuladı ki, siqaret və alkoqol kimi vərdişlər ürək sağlamlığına ciddi ziyan vurur:
“Bu zərərli vərdişlərdən imtina etmədən ürək xəstəliklərinin qarşısını almaq çətindir. Həmçinin, stressdən uzaq durmaq və psixoloji sağlamlığı qorumaq da vacibdir.”

Nəticə olaraq, Mayomed Klinikasının baş həkimi bütün insanları sağlam həyat tərzini seçməyə və ürək-damar sağlamlığına diqqət yetirməyə çağırır.

Poliqon.info 

Chosen
24
17
poliqon.info

10Sources