AZ

Qidalanma tərziniz böyrəklərə zərər vurabilər

Sidik daşı xəstəliyi - insanlar arasında  geniş yayılmış uroloji patologiyalardan biridir. Bu xəstəliyin yaranmasında qidalanma tərzinin, xüsusilə ət və süd məhsullarının həddindən artıq istehlakının mühüm rolu var.

Redaktor.az xəbər verir ki, bu barədə uroloq Qurgen Martirosyan danışıb.

“Həm ət, həm də süd məhsulları ölkənin bir çox bölgələrində ənənəvi qida komponentləridir. Amma onların çox miqdarda qəbulu, xüsusilə susuzluq və ya qida lifinin çatışmazlığı fonunda, böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər. Biz bunu gündəlik praktikada müşahidə edirik”, - deyə uroloq bildirib.

Əsas problem ondadır ki, ət-süd rasionu (steklər, qızardılmış toyuq, içalat, yumurta, kəsmik, pendir, süd və s.) heyvani yağlarla zəngindir. Bu yağlar həzm prosesində parçalanaraq purinlər əmələ gətirir. Bu purinlər arasında xüsusi bir maddə — sidik turşusu var ki, onun böyrəklərə mənfi təsir etdiyi və sidik daşı xəstəliyinə yol açdığı güman edilir.

Uroloqun sözlərinə görə, kişilər gündəlik rasionlarını seçərkən daha ehtiyatlı olmalıdırlar. Çünki məhz qırmızı ətə və süd zülalı tərkibli kokteyllərə aludəçilik orqanizmdə sidik turşusunun həddindən artıq toplanması üçün "əlverişli" şərait yaradır və nəticədə bu, böyrəklərin fəaliyyətində pozuntulara səbəb ola bilər.

Kalsiumun bağırsaqlarda sorulması ilə bağlı problemləri və ya bağırsaq iltihabı xəstəlikləri olan insanlar üçün də risk mövcuddur. Yağlı və yüksək kalorili qidaların çox istifadəsi bədəndə kalsium mübadiləsinin pozulmasına səbəb ola bilər. Bu halda kalsium sidikdə həddən artıq yığılıb oksalat daşlarının yaranmasına şərait yaradır.

Bununla belə, Martirosyan süd məhsullarını rasiondan tamamilə çıxarmağın doğru olmadığını bildirir. Çünki kalsium çatışmazlığı sümüklərdə və oynaqlarda başqa problemlərə - osteoporoz və artritə səbəb ola bilər. Buna görə də, uroloq sağlam kalsium mənimsənilməsi üçün gündəlik süd məhsulları norması ilə bağlı tövsiyələr verir: yeniyetmələr üçün -1300 mq-a qədər, 19–50 yaş arası böyüklər üçün - təxminən 1000 mq, 50 yaşdan yuxarı şəxslər üçün -1200 mq.

Həkim gündəlik rasionda bitki lifinin roluna da toxundu.

“Bitki mənşəli qidalar, xüsusilə paxlalılar, göyərti, kəpək, yaşıl tərəvəzlər, mövsümi giləmeyvələr (qara qarağat, böyürtkən, çiyələk) və sitrus meyvələri fitatlar ehtiva edir. Bu maddələr kalsiumun oksalatlarla birləşməsinin və daş əmələ gəlməsinin qarşısını alır. Əgər siz rasionunuzu dəniz balığı (losos, forel, skumbriya) və qoz-fındıqla zənginləşdirirsinizsə, orqanizm digər yağlardan fərqli olaraq asanlıqla mənimsənilən və böyrəklər də daxil olmaqla bütün həyati vacib orqanlar üçün faydalı olan omeqa-3 yağ turşularını alacaq”, - deyə Martirosyan izah edib.

Mütəxəssis yağlı steklər, içalat, kərə yağı və maya ilə hazırlanan bişintilərin istifadəsini isə məhdudlaşdırmağı tövsiyə edir. Bu, uroloq həkimlərin əsas tövsiyələrindən biridir.

Xədicə BAXIŞLI

Seçilən
12
50
redaktor.az

10Mənbələr