EN

Tehrandan sarsıdıcı qərar – Yeni müharibə təhlükəsi gündəmdə

İran prezidenti tərəfindən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığa son qoyan qanunun imzalanması, regionda təhlükəsizlik balansını sarsıdan ciddi bir addım kimi qiymətləndirilir. Tehran rejiminin nəinki beynəlxalq nəzarət və yoxlamaları dayandırması, hətta nüvə obyektlərindəki müşahidə kameralarını da sökməsi, həm Qərb dövlətlərində, həm də region ölkələrində ciddi narahatlıq doğurub. Bəs bu qərar yeni bir hərbi qarşıdurmanın başlanması ehtimalını artırırmı? İranın bu addımı yalnız ABŞ və İsrailə yönəlmiş mesajdır, yoxsa Cənubi Qafqaz və Yaxın Şərqdə yerləşən qonşu ölkələr üçün də real bir təhlükə siqnalıdır?
 
Moderator.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, İranın MAQATE ilə əməkdaşlıqdan imtina etməsi olduqca təhlükəli bir mərhələnin başlanğıcına yol aça bilər.
Politoloqun sözlərinə görə, MAQATE faktiki olaraq Qərbin İranın nüvə proqramı üzərində nəzarətini təmin edirdi. 
“Hətta bu nəzarət minimal əhatə dairəsində olsa belə, Qərb müəyyən mənada İranın nüvə proqramı ilə bağlı məlumatlar əldə edə bilirdi. Lakin MAQATE ilə əməkdaşlığın rəsmən dayandırıldığı indiki şəraitdə Qərb nə məlumat alma, nə də nəzarət imkanı əldə edə biləcək. Bu isə təbii olaraq Qərbdə bir çox dairələri narahat edir və qıcıqlandırır. Xüsusilə də Avropa Birliyi ölkələri və Amerika Birləşmiş Ştatlarını.
Onlar bu vəziyyətin ciddi təhlükə yaratdığını anlayır və artıq İrana xəbərdarlıq mesajları göndərirlər. ABŞ Prezidenti Donald Tramp İrana xitabən MAQATE ilə əməkdaşlığı bərpa etməyə çağırıb, əks halda bunun çox pis nəticələri olacağı ilə bağlı xəbərdarlıq edib. Eyni mövqeni Avropa Birliyi ölkələri, o cümlədən Fransa, Almaniya və Böyük Britaniya da bölüşür. Onlar da İrana bildirirlər ki, MAQATE ilə əməkdaşlığı dayandırmaq olmaz və əgər bu davam edərsə, nüvə proqramına nəzarət üçün daha sərt və radikal üsullar gündəmə gələ bilər.
Hazırda dünyanın əsas siyasi iradə mərkəzləri İrana xəbərdarlıq etməklə məşğuldur. Çünki onların qarşısında yeni – daha doğrusu, köhnə, lakin indi daha da dərinləşmiş “İran problemi” dayanır. Mövcud gedişat isə yaxın vaxtlarda bu qarşıdurmanın yeni hərbi və siyasi təhlükələr yaradacağını ehtimal etməyə əsas verir”. 
 
Politoloqun fikrincə, Rusiyanın hazırkı mərhələdə İrana ciddi dəstək vermək imkanları kifayət qədər məhduddur:
“Çünki Moskva Ukraynada uzunmüddətli və mürəkkəb bir savaş bataqlığına düşüb və bu vəziyyətdən çıxmaqda çətinlik çəkir. Digər tərəfdən, Rusiya ordusunun hərbi texnika ilə təchizatında İranın rolu mühüm əhəmiyyət daşıyır. Belə bir şəraitdə Rusiyanın yalnız bəyanatlarla kifayətlənməyib, daha ciddi dəstək verməsi ehtimalı olduqca zəifdir və bu məsələdə Tehranın Moskvadan yüksək gözləntiləri sadəlövhlük kimi qiymətləndirilə bilər. Qərb dairələri Kremlin də diqqətinə çatdırırlar ki, İran məsələsində neytral mövqe tutması daha məqsədəuyğundur. Çünki bu məsələ artıq Qərb üçün prinsipial xarakter alıb və İranın atdığı addımlar yalnız regional deyil, həm də qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır. Əgər Tehran nüvə proqramı ilə bağlı mövcud siyasi kursunu davam etdirməkdə israr etsə, Yaxın Şərqdə yeni bir hərbi-siyasi qarşıdurmanın yaranması real görünür. Üstəlik, bu qarşıdurma əvvəlkilərdən daha dərin və böhranlı ola bilər. Bu ehtimallar artıq müəyyən ilkin əlamətlərlə özünü göstərməkdədir və vəziyyətin kəskinləşməsi uzaq perspektiv deyil”.
 
Mehin Mehmanqızı
 
Chosen
12
24
moderator.az

10Sources