AZ

İsazadə: ABŞ siyasi elitası Rusiyanın Ukraynaya məğlub olmasını istəmir

İsazadə:

“İndi Ukrayna cəbhəsində normal proses müşahidə edilmir və ruslar təzyiqi artırır. Buna paralel olaraq ABŞ-dan Ukraynaya “Patriot” raketlərinin dayandırılması haqda qərar verilməsi barədə məlumat yayılıb. Ancaq bu qərar dövlət tərəfindən deyil, ABŞ-nın silah ehtiyatlarına nəzarət edən bir məmur tərəfindən verilib. Artıq Konqresdə ciddi narazılıq elan olunub, bu istiqamətdə iş aparılır. Aydındır ki, “Patriot”ların dayandırılması qısa müddətdə ciddi problem yaratmayacaq, sözsüz ki, Ukraynanın müəyyən qədər ehtiyatı var. Lakin bu ehtiyaclar gec-tez tükənəcək. Tükəndikdən sonra Ukrayna üçün Rusiyanın hava hücumları daha dəhşətli nəticələr yarada, ölkəni daha ciddi problemlə üz-üzə qoya bilər”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

Müsahibimiz xatırladıb ki, ABŞ prezidenti Donald Tramp Ukraynanın müttəfiqi deyil, üstəlik, prezident Zelenski ilə şəxsi münasibətləri də gərgindir: “Bu baxımdan Trampın Ukraynaya silah-sursat verəcəyini gözləmək doğru olmazdı. Yəni əvvəlki ABŞ rəhbərliyi də Ukraynaya lazım olan anda lazımi silahları vermirdi, indikilər də verməyəcək”.

A. İsazadənin sözlərinə görə, ümumilikdə, ABŞ siyasi elitası düşünür ki, Ukraynaya yalnız özünü müdafiə etmək üçün silah verilməlidir, Rusiyaya hücum etmək üçün yox: “Qısası, ABŞ siyasi elitası düşünür ki, Ukrayna öz torpaqlarını azad edə, Rusiya müharibədə uduza və beləcə, proseslər tam nəzarətdən çıxa bilər. Odur ki, Ukraynanın istədiyini deyil, özlərinin müəyyən etdiyi silahları verirlər. Ukraynanın Rusiya qarşısında tam məğlubiyyəti də ABŞ-a sərf etmir. Odur ki, mənim ehtimalına görə, indiki ABŞ administrasiyası da Ukraynaya silah verəcək, lakin cüzi. Aydındır ki, ən pis ssenaridə belə, Ukrayna Rusiyaya təslim olmayacaq və müqavimətini davam etdirəcək. Pis odur ki, bu zaman Ukraynanın mülki əhalisi daha çox rus ordusunun hədəfində olacaq”.

Hərbi ekspert xatırladıb ki, əslində mayın sonlarından etibarən rus ordusunun Ukraynada yay hücumuna start verilib: “Sadəcə, real nəticə, böyük uğur yoxdur. Bəli, ruslar hansısa istiqamətdə irəliləyirlər, hansısa kəndləri işğal edirlər. Ancaq eyni zamanda, çox böyük canlı qüvvə itirirlər.

Ukrayna tərəfi isə indi başqa taktika seçib - mümkün qədər düşmənin canlı qüvvəsini daha çox məhv etmək, öz ordusunu qorumaq. Buna görə də, Ukrayna ordusu mümkün olduğu ərazilərdə müdafiə xəttini həyata keçirir, daha çox itki verib daha əhəmiyyətsiz ərazini saxlamaq kimi yanaşmalara əsaslanmır. Onların fikrincə, düşmənin canlı qüvvəsini daha çox zərərsizləşdirmək günün birində ümumi kampaniyaya təsir edəcək və Ukrayna tərəfinin xeyrinə olacaq. Odur ki, indi Ukrayna ordusu işğal edilən torpaqları geri qaytarmaq, əldə olan torpaqları qorumaqdan daha çox düşmənə maksimum zərər vermək tatikası ilə hərəkət edir”.

Y. QACAR
Reyting.az
Seçilən
7
50
reyting.az

10Mənbələr