
ABŞ dövlət katibi Marko Rubio Kuba xalqına ünvanladığı mesajında ABŞ Prezidenti Donald Trampın iki ölkə üçün yeni bir münasibət təklif etdiyini bildirib.
AFN.az xəbər verir ki, "Axios" platformasının xəbərinə görə, dövlət katibi Rubio hər il mayın 20-də qeyd olunan "Kuba Müstəqillik Günü" münasibətilə ispan dilində video-mesaj yayımlayıb.
Kuba xalqının müstəqillik gününü təbrik edən Rubio ölkə daxilindəki inanılmaz çətinliklərdən Havana rəhbərliyinin məsuliyyət daşıdığını müdafiə edərək, yeni bir Kubanın mümkün olduğunu irəli sürüb.
Rubio "Elektrikinizin, yanacağınızın və ya ərzağınızın olmamasının əsl səbəbi ölkənizi idarə edənlərin milyardlarla dolları qarət etməsi, lakin bunun heç birinin xalqa yardım etmək üçün istifadə edilməməsidir" ifadəsini işlədib.
ABŞ Prezidenti Donald Trampın Vaşinqton ilə Havana arasında yeni bir münasibət təklif etdiyini dilə gətirən Rubio "Ancaq bu münasibət birbaşa sizinlə, Kuba xalqı ilə olmalıdır. GAESA ilə deyil" deyib.
Tramp administrasiyasının xalqa 100 milyon dollarlıq ərzaq və dərman təklif etdiyini çatdıran Rubio bunun etibarlı xeyriyyə təşkilatları tərəfindən paylanması lazım olduğunu vurğulayıb.
Ölkədə xalqın hökumət rəsmilərinə səs verə bildiyi və uğursuz bir sistemdən şikayət edərkən həbsə düşmək və ya ölkəni tərk etməyə məcbur qalmaq qorxusu duymadığı yeni bir Kubanın mümkün ola biləcəyini müdafiə edən Rubio "Bu imkansız deyil" deyib.
Rubio əlavə edib ki, bu imkanlar Baham adaları, Dominikan Respublikası, Yamayka və hətta cəmi 90 mil (təxminən 144 kilometr) uzaqda olan Florida kimi yerlərdə mövcuddur və eyni imkanların Kubada da mümkün ola biləcəyini bildirib.
Xatırladaq ki, ABŞ yerli mediasında yayımlanan xəbərlərdə Kuba ordusuna məxsus hərbi holdinq kimi xarakterizə edilən GAESA-nın təxminən 18 milyard dollarlıq aktivə sahib olduğu və otellər, enerji, inşaat şirkətləri, banklar və mağazalar şəbəkəsini idarə etdiyi qeyd edilir.