Siyasi qeyri-sabitlik, iqtisadi boşluq və investisiya riskləri prosesi daha da mürəkkəbləşdirir...
Poliqon Politico nəşrinə istinadən xəbər verir ki, Donald Tramp administrasiyası Kuba ilə münasibətlərin bərpası istiqamətində ciddi çətinliklərlə üzləşə bilər.
Nəşr qeyd edir ki, ABŞ biznes dairələri Kubaya investisiya qoymağa ehtiyatla yanaşır və bu ölkədə sabit iqtisadi mühitin olmaması əsas maneələrdən biri hesab edilir. Ekspertlərin fikrincə, kifayət qədər investisiya olmadan Kuba 10 milyonluq əhalisi ilə ABŞ-nin cənub sərhədlərinə yaxın “idarəolunması çətin və iqtisadi cəhətdən zəif” ölkə olaraq qala bilər.
Maliyyə və biznes dairələrindən olan Oraasio Qarsiya bildirib ki, Kuba hazırda “tamamilə yenidən qurulmalı olan ölkə” vəziyyətindədir. Onun sözlərinə görə, ölkədə nə su təchizatı, nə elektrik sistemi, nə də işlək maliyyə infrastrukturu mövcuddur və bütün sistem sıfırdan qurulmalıdır.
Məqalədə vurğulanır ki, Venesueladan fərqli olaraq, Kubada iqtisadiyyatı daşıya biləcək vahid dominant sektor mövcud deyil. Bu isə ABŞ investorlarının konkret və gəlirli sahə üzərində plan qurmasını çətinləşdirir.
ABŞ administrasiyasına yaxın mənbələr bildirir ki, Ağ Ev potensial investisiyalarla bağlı biznes dairələri ilə təmasları davam etdirir. Lakin hazırkı mərhələdə ciddi kapital axını gözlənilmir, çünki investorlar üçün əsas şərt sabit hüquqi və siyasi mühitdir.
Kubada hazırda fəaliyyət göstərən bəzi ABŞ şirkətləri əsasən turizm, kənd təsərrüfatı və kiçik sənaye sahələrində çalışır. Bununla belə, genişmiqyaslı investisiyalar üçün ölkədə fundamental siyasi və iqtisadi dəyişikliklərin zəruri olduğu vurğulanır.
Ekspertlərin fikrincə, Çin və Rusiya ilə əlaqələr, ABŞ-də yaşayan kubalı diaspor və müsadirə olunmuş əmlaklarla bağlı hüquqi mübahisələr də Kubaya investisiya mühitini daha da mürəkkəbləşdirir.
Analitiklər bildirirlər ki, Kuba məsələsi Venesuela ilə müqayisədə daha çətin ola bilər, çünki burada təkcə siyasi rejim deyil, həm də iqtisadi sistem və beynəlxalq hüquqi mühitin bütövlükdə dəyişməsi tələb olunur.
Poliqon.info