ABŞ dövlət katibi Marko Rubio Kubanın ABŞ üçün "milli təhlükəsizlik təhdidi" yaratdığını və tərəflər arasında yaxın vaxtda razılıq əldə olunmasının çətin göründüyünü bildirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Rubionun açıqlaması ABŞ-nin Kubanın keçmiş lideri Raul Kastronu 1996-cı ildə iki təyyarənin vurulması və ABŞ vətəndaşlarının ölümü ilə bağlı qətldə ittiham etməsindən sonra verilib.
ABŞ rəsmisi Vaşinqtonun əsas seçiminin diplomatik həll yolu olduğunu desə də, prezident Donald Trampın ölkəni bütün təhdidlərdən qorumaq hüququna malik olduğunu vurğulayıb.
Kuba xarici işlər naziri Bruno Rodriges isə Marko Rubionu yalan məlumat yaymaqda ittiham edib. O bildirib ki, Kuba heç vaxt ABŞ üçün təhlükə olmayıb.
Rubio həmçinin Kubanı bölgədə terroru dəstəkləyən ölkələrdən biri adlandırıb. Havana isə Vaşinqtonu ölkəyə qarşı təzyiq və təxribat siyasəti aparmaqda günahlandırıb.
Məlumata görə, ABŞ Kubaya 100 milyon dollarlıq humanitar yardım təklif edib. Ada ölkəsində son aylarda yanacaq çatışmazlığı, elektrik kəsintiləri və ərzaq qıtlığı müşahidə olunur.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi Raul Kastronun məhkəmə qarşısına çıxarılması istiqamətində prosesin davam etdiyini açıqlayıb.