AZ

Vaşinqton–Havana qarşıdurması dərinləşir: Kuba hansı yola düşəcək?  


"ABŞ İranla yanaşı Kubanı da ram etməyə çalışır. Vaşinqton Kubaya neft ixracının qarşısını almaqla ada dövlətinin enerji təminatına zərbə vurub. Kubada avtomobillər yanacaqsız qalıblar, elektrik stansiyaları fasilələrlə çalışır, bu isə ölkənin ərzaq təminatına da məfi təsir edib".

Bu sözləri Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, bütün bunlara baxmayaraq, Kuba rejimi Vaşinqtonun istəklərinə təslim olmayıb:

"Belə olan halda Vaşinqton Kubanın sabiq lideri Raul Kastroya qarşı ittiham irəli sürüb. İttihamın məğrzi budur ki, Raul Kastronun əmri ilə 1996-cı ildə Kuba qırıcı təyyarələri ABŞ-ın humanitar təşkilatına məxsus iki təyyarəni vurmuş və bu zaman ABŞ_ın 4 vətəndaşı həlak olmuşdu. Kuba hazırki Prezidenti Miqel Dias-Kanel ABŞ-ın ittihamlarını rədd edib. Moskva və Pekində Vaşinqtonun 94 yaşlı Raul Kastroya qarşı ittihamlarını pisləyiblər".

Politoloq həmçinin xatırladıb ki, Vaşinqton Çin və Rusiyanın son illərdə Kubadakı kəşfiyyat əməliyyatlarını genişləndirməsi barədə məlumat yayıb. Onun fikrincə bu, ABŞ üçün daha qorxulu gedişatdır:

"Vaşinqtonda hesab edirlər ki, Rusiya və Çin Floridadakı ABŞ hərbi obyektlərini izləmək üçün Kubada elektron dinləmə qurğularına investisiya qoyublar və 2023-cü ildən bəri orada işləyən kəşfiyyat işçilərinin sayını təxminən üç dəfə artıb. Pekin və Moskva ayrı-ayrı postlarını casusluq imkanları üçün getdikcə daha vacib hesab edirlər və Yaxın Şərq və Latın Amerikasında əməliyyatlara nəzarət edən iki ABŞ hərbi qərargahının dinləmə diapazonuna daha müasir avadanlıqlar əlavə edirlər.

Görünür, Vaşinqtonda bu qənaətə gəliblər ki, Kuba nəzarətə götürülməsə Rusiya və Çin ABŞ sahillərinə yaxın ada dövlətində kəşfiyyat fəaliyyətini azaltmayacaq. Ancaq ABŞ İran məsələləsini həll etmədən Kubanın nəzarətə götürülməsi əməliyyatına başlamayacaq. Rusiya və Çin Kubanı ayaqda tutmağa çalışırlar. Rusiya Kubaya neftlə dolu bir neçə tanker göndərib. Çin Kuba üçün ayırdığı 60 min düyünün 15 min tonunu adaya göndərib. Kuba lideri buna görə Pekinə minnətdarlığını bildirib".

Elxan Şahinoğlu vurğulayıb ki, ABŞ Kuba yanacağın ötürülməsinə yönəlik maneələri ortadan qaldırmasa ada daima kənar yardıma ehtiyac duyacaq:

"Kubanın son illərdə əsas gəlir mənbəyi turizm idi. Ancaq yanacaqdan məhrum olan Kubadakı otellər də ağır vəziyyətdədirlər. Digər tərəfdən Kubanın hava limanları yanacaq qıtlığına görə sərnişin təyyarələrini havaya qaldıra bilmirlər.

Ada dövlətində hadisələrin iki ssenaridən biri üzrə inkişafını proqnozlaşdırmaq olar. Ya Kubadakı rejim Vaşinqtonla dialoqa başlayacaq və birpartiyalı siyasi sistemdən imtina edərək xalqa seçim imkanı yaradacaq və sanksiyalar yumşaldılacaq, ya da Havana müqavimətini davam etdirərək diami Rusiya və Çindən yardım istəyəcək. Ancaq bu yardımlar Kuba xalqının ağır sosial problemlərini həll etməyəcək. Məsələn, Amerikanın blokadasına baxmayaraq, vaxtilə pulsuz olan Kuba səhiyyəsi və təhsili yüksək səviyyədə idi. Hazırda isə hər iki sahədə böhran hökm sürür, müalicə üçün dərmanlar tapılmır, məktəblərdə isə elektrikin olmaması səbəbindən dərslərə məcburi fasilələr verilib".

Xalidə Gəray
Musavat.com

Seçilən
2
50
musavat.com

10Mənbələr