ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib ki, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə süni intellekt ixtisası üzrə peşəkarlıq artırılmalıdır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Rasim Həsənzadə bildirdi ki, müasir dövrdə elm və texnologiya sürətlə inkişaf edir və bu ali təhsil sahəsində də özünü göstərir.
Onun sözlərinə görə, əmək bazarının tələbləri artıq yalnız yüksək bilik səviyyəsi ilə məhdudlaşmır, artıq universitet məzunlarından həm də praktik bacarıqlara və səriştərələ malik olması tələb olunur:
"Süni intellektin peşəkar mühitdə tətbiqi isə hər keçən gün genişlənir və bu, universitetlərdə yeni ixtisasların yaradılmasını zəruri edir. Bu gün universitetlər yalnız ənənəvi təhsil müəssisəsi rolunu daşımamalıdır. Onlar artıq öyrənmə üçün müasir mühitlər yaratmalı, tələbələrin əmək bazarının tələblərinə cavab verən bacarıqlarını inkişaf etdirməlidirlər. Bu baxımdan, süni intellekt və onun tətbiq sahələri ilə bağlı tədris proqramlarının yenilənməsi, müəllim heyətinin peşəkarlığının artırılması və təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması vacib məsələlərdən biridir".
Mütəxəssisin fikrincə, süni intellekt sahəsində yeni ixtisasların yaradılması təkcə kompüter elmləri və texniki fənlərlə məhdudlaşmır:
"Bu həm də sosial və təbiət elmlərini də əhatə edir. Ali məktəblər tələbələrə yalnız texniki biliklər deyil, həmçinin analitik düşüncə, layihə idarəetmə və innovativ bacarıqlar öyrətməlidirlər. Bununla yanaşı, süni intellektin tətbiq sahələrini praktik məşğələlər və laboratoriya işlərinə daxil etmək tələbələrin real problemləri həll etmək bacarıqlarını gücləndirir. Müəllimlərin peşəkarlığının artırılması, beynəlxalq təcrübənin tətbiqi və tədris metodlarının təkmilləşdirilməsi də vacibdir. Müasir texnologiyaların sürətlə dəyişməsi müəllimlərin davamlı öyrənməsini tələb edir. Eyni zamanda, dərsliklər və tədris materialları da sürətlə yenilənməli, müasir metod və yanaşmalar əsasında hazırlanmalıdır. Bu, tələbələrin dünya standartlarına uyğun bilik və bacarıqlara yiyələnməsini təmin edir. Müşahidələrimə əsasən deyə bilərəm ki, bir çox universitetimiz bu sahədə müəyyən işlər görür".
Rasim Həsənzadə hesab edir ki, süni intellekt sahəsində tədrisin gücləndirilməsi yalnız ali məktəblərdə deyil, ümumtəhsil məktəblərindən başlayaraq ilkin hazırlığı da əhatə etməlidir:
"Bununla təhsilalanlar daha erkən yaşda texnologiya və süni intellektlə tanış olur, gələcəkdə daha ixtisaslaşmış və rəqabətə qabiliyyətli mütəxəssislər kimi formalaşırlar. Nəticə etibarilə, süni intellekt sahəsində yeni ixtisasların yaradılması və tədrisin gücləndirilməsi yalnız tələbələrin bacarıqlarını artırmaqla kifayətlənmir, eyni zamanda ölkəmizin rəqəmsal transformasiyasına, innovasiya ekosisteminin inkişafına və ali təhsilin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Düşünürəm ki, ali məktəblərin bu istiqamətdə atacağı addımlar strateji əhəmiyyət kəsb edir və gələcək karyera perspektivləri, texnoloji bacarıqlar və innovativ düşüncənin inkişafında mühüm rol oynayacaq".
Xədicə BAXIŞLI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.