AZ

Ekspert: Ali təhsil müəssisələrində də süni intellekt ixtisasları açılmalıdır

Bakı, 13 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə dövlətimizin başçısı görüləcək işlərlə bağlı süni intellektin geniş tətbiqi və orta ümumtəhsil məktəblərində tədris proqramlarına əlavə olunması, data-analitika istiqamətində lazımi bazaların formalaşdırılması, rəqəmsallaşma ilə bağlı islahatlar, kadr hazırlığı kimi fəaliyyətlərlə bağlı tapşırıqlarını diqqətə çatdırıb. Bu tapşırıqlar onu göstərir ki, artıq Azərbaycanın rəqəmsal transformasiya strategiyasında yeni mərhələyə keçid sürətlə inkişaf edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, Prezidentin bu tapşırıqları, əlbəttə ki, yaxın gələcəyin hədəflərindəndir: “Çünki yaxın gələcək süni intellekt və rəqəmsallaşmağa doğru sürətlə addımlayır. Bir neçə il sonra süni intellekt, demək olar ki, çox sahəni öz təsiri altına alacaq. Dünyanın aparıcı ölkələri süni intellekt və rəqəmsal texnologiyanın inkişafı və gələcək töhfəsi istiqamətində 400 milyard dollar sərmayə qoyublar. Məhz gələcəyin texnologiya nəhəngləri ilə rəqabət aparmaq üçün bunun təməlini indidən atmalıyıq. Süni intellekt dərs vəsaitlərini hazırlamalı, tədris proqramlarına əlavə etməli və orta ümumtəhsil məktəblərində şagirdlərə öyrətməliyik. Bununla yanaşı, ali təhsil müəssisələrində süni intellekt ixtisasları açmalı və tədris prosesini müasir tədris planına uyğun həyata keçirməliyik. Əlbəttə ki, bu təşəbbüs Prezidentin uzaqgörən siyasətinin tərkib hissəsidir”.

Ramin Nurəliyev dövlətimizin başçısının digər tapşırığının ali təhsil müəssisələrinin rəhbərlərinə ünvanlandığını qeyd edib: “Xüsusilə də kadr hazırlığı istiqamətində lazımi tədbirlərin görülməsi, gələcəkdə müasir dövrün tələblərinə uyğun, yüksək texnologiya və rəqəmsal dünyanın biliklərini özündə əks etdirən kadrların hazırlanması istiqamətində tapşırıqlarını verdi. Hazırda ali təhsil müəssisələrində kadr hazırlığı arzuolunan səviyyədə deyil. Ali təhsil müəssisələrini bitirən gənclərin praktiki bilikləri əmək bazarına rahat keçidi təmin etmir. Universitetdən məzun olan gənclər iş dünyasında müəyyən çətinliklərlə qarşılaşır. Ehtimal olunur ki, Prezidentin bu istiqamətdə xüsusi tapşırığı ali təhsil müəssisələrinin rəhbərlərinə kadr hazırlığı istiqamətində lazımi tədbirlərin görülməsini zərurət halına çevirəcək. Xüsusilə də ali təhsil müəssisələrindən məzun olan gənclər müasir texnologiya və rəqəmsal dünya praktikasına sahib olmalı, gələcəkdə dövlət və özəl sektorda lazım olan kadr ehtiyaclarını qarşılamalıdır.

Xarici ali təhsil müəssisələrinə dövlət proqramı ilə qəbul olan gənclər də beynəlxalq təcrübənin ölkədə tətbiq olunmasına töhfə verməlidir”.

Seçilən
84
34
azertag.az

10Mənbələr