AZ

Yeni geosiyasi əməkdaşlıq modeli

Zəngin və dinamik xarici siyasət bugünkü Azərbaycanın ən mühüm reallığıdır. Ölkəmizin təkcə regionumuzda deyil, onun hüdudlarından kənarda olan proseslərə də təsir və nüfuz edə bilən geosiyasi vahidə çevrilməsi dövlətimizə bir sıra qlobal hadisələrin vacib aktoru qismində çıxış etməyə imkan verir. Gündəmdəki proses və hədəflər rəsmi Bakının yiyələndiyi orta güc statusunun tələb və məsuliyyətindən irəli gələn gerçəkliyin diktə etdiyi formatdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı regionda yeni geosiyasi əməkdaşlıq modelinin formalaşdığını bir daha nümayiş etdirdi. Bu baxımdan, Məşvərət görüşü Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yaranan mərkəzləşdirilmiş, institusional əməkdaşlıq baxımından tarixi mərhələ kimi qiymətləndirilməlidir. 

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır: "Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik".

Dialoq, inteqrasiya və sabitliyə xidmət edən müzakirələr 

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatının təşəbbüskarı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdir. O, 2017-ci ildə BMT Baş Assambleyasının sessiyalarından birində belə görüşlərin təşkili təklifi ilə çıxış edib, 2018-ci ildə ilk dəfə Qazaxıstanda birinci görüş keçirilib, daha sonra Mərkəzi Asiyanın müxtəlif ölkələrində - Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda, Tacikistanda müvafiq görüşlərin keçirilməsinə başlanıb. 

Məşvərət formatının məqsədi regionda dayanıqlı dialoq mexanizmi yaratmaq, Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı inamı və əməkdaşlığı artırmaqdan ibarətdir. Özbəkistanda keçirilən 7-ci görüşün ən mühüm məqamı isə onun "Mərkəzi Asiya + Azərbaycan" formatında təşkili, bu ildən Azərbaycanın da Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv statusu ilə təmsilçiliyidir.  

Məşvərət görüşləri bir neçə əsas məqsədə xidmət edir. Bunlardan birincisi, təbii ki, liderlər və onların şəxsində ölkələr arasında siyasi dialoqun gücləndirilməsidir. Görüşlər region dövlətləri arasında yüksəksəviyyəli dialoqu təmin edir, ortaq strateji məsələlər - təhlükəsizlik, iqtisadi inkişaf, enerji, nəqliyyat və digər sahələr üzrə fikir mübadiləsi aparmağa imkan yaradır. 

Digər tərəfdən, belə görüş və müzakirələr regional inteqrasiya, sabitlik üçün də mühiti gücləndirir, Mərkəzi Asiyanın geniş əməkdaşlıq məkanına çevrilməsinə xidmət göstərir. Təsadüfi deyil ki, Şavkat Mirziyoyev bu görüşlərin "regionu sabit, iqtisadi cəhətdən inkişaf etmiş və firavan bir coğrafi məkan halına gətirmək" məqsədində olduğunu vurğulayıb. "Həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. "Mərkəzi Asiya +" formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq", - deyə Özbəkistan Prezidenti xüsusi qeyd edib.

"Mərkəzi Asiya Birliyi" modelinə keçid perspektivi

İnfrastruktur və tranzit imkanlarının inkişafı da ölkə liderlərinin müzakirələrdə diqqət yetirdikləri əsas məqamlardandır. Görüşlərdə nəqliyyat, tranzit üzrə ortaq layihələr müzakirə edilir ki, bu da  Mərkəzi Asiya ölkələrinin bir-biri ilə daha sıx iqtisadi və logistika əlaqələri qurmasına kömək göstərir. Görüşlər "məşvərət" formatında keçirildiyindən, birbaşa ittifaq və yaxud birliyə bənzər suveren qərar orqanı kimi deyil, məsləhət, dialoq platforması kimi işləyir. Bu da liderlərə strateji mövzuları müzakirə etmək, ideyalar irəli sürmək və region üçün ortaq vizyon formalaşdırmaq üçün açıq meydan verir. 

Son görüşlərdə artıq "Mərkəzi Asiya Birliyi" modelinə keçid ideyası müzakirə olunmaqdadır. Məsələn, əsasnamə hazırlanması, rotasiyalı katiblik yaradılması və milli koordinatorların səviyyəsi kimi yeni institutların qurulması təklif edilir. 

Bu ildən Azərbaycanın da Məşvərət görüşündə tamhüquqlu iştirakçı kimi təmsilçiliyi platformanın coğrafi və siyasi dairəsinin genişlənməsi deməkdir. Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə xüsusi vurğulanıb: "Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Bu gün əminliklə deyə bilərik ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin formatı baş tutub. Bu format öz səmərəliliyini sübut edib, təkcə regionumuzda mövcud problemlərin müzakirə olunduğu deyil, həm də yeni təşəbbüslərin və təkliflərin fəal şəkildə irəli sürüldüyü real, özünəməxsus yeganə platformaya çevrilib".

Regionun gələcək siyasi xəritəsinin mühüm konturları

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Prezident İlham Əliyevin geniş çıxışı və səsləndirdiyi mühüm məqamlar regionun gələcək siyasi xəritəsinin mühüm konturlarını müəyyənləşdirdi. Dövlətimizin başçısının vurğuladığı əsas ideya Azərbaycanın artıq Mərkəzi Asiya əməkdaşlıq formatının tamhüquqlu üzvü olmasıdır. Bu tezis iki strateji reallığı nümayiş etdirir. Birincisi, Azərbaycan və Mərkəzi Asiya ölkələri tarixi, mədəni və mənəvi bağları artıq siyasi instituta çeviriblər. Eyni zamanda türk xalqlarının ortaq irsi, ortaq tarix və ortaq təhlükəsizlik mühitinə reaksiyaları mərkəzləşdirilmiş platformada ifadə olunur.

Mərkəzi Asiya artıq yalnız 5 ölkədən ibarət qapalı coğrafi birlik deyil. Azərbaycan Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan körpü kimi bu platformanın imkanlarını daha da genişləndirir. Bu inteqrasiya regionda yeni geosiyasi ağırlıq mərkəzinin - Avrasiya türk strateji məkanının formalaşdığını təsdiqləyir.

Azərbaycan bundan sonra Mərkəzi Asiya regionu çərçivəsində keçirilən dövlət başçıları sammitlərində, hökumətlərarası görüşlərdə, nazirlər səviyyəsində iclaslarda, dövlət qurumları və ictimai təşkilatların birgə platformalarında daimi və tamhüquqlu üzv kimi fəal iştirak edəcək. Bu, Azərbaycan diplomatiyasının türk dünyası ilə inteqrasiyanın yeni - institusional mərhələsinə keçidinin rəsmi təsdiqidir.

Eyni zamanda bir mühüm məqamı vurğulayaq ki, bununla Azərbaycanın Cənubi Qafqazdakı rolu da dəyişmir - ölkəmiz paralel geosiyasi xətti uğurla davam etdirəcək. Azərbaycan bölgənin lider ölkəsi kimi mühüm rola malikdir və Mərkəzi Asiya platformalarında iştirak ölkəmizin bu rolunu qətiyyən inkar etmir. Azərbaycan həm sülhün təşviqi, kommunikasiyaların açılması, inteqrasiya prosesləri ilə bağlı fəaliyyətini davam etdirir, həm də Mərkəzi Asiya, Türk Dövlətləri Təşkilatı, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri kimi geniş regional platformalarda paralel və güclənən mövqelərə sahib olur.

Beləliklə, ölkəmiz geniş coğrafiyalı regional siyasətin əsas oyunçusuna çevrilir. Bu baxımdan, Azərbaycan liderinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının çox mühüm strateji nəticələri var. İlk növbədə Azərbaycan-Mərkəzi Asiya siyasi formatı rəsmi şəkildə təsbit olundu və ölkəmiz tam etibarlı tərəfdaş rolunu qazandı. Türk dünyası daxilində vahid strateji məkan daha da dərinləşdi. Mədəni əlaqələr real siyasi gücə çevrildi, regional əməkdaşlıq enerji və nəqliyyatdan daha geniş sahələrə yayılmış oldu. Təhlükəsizlik, iqtisadi inkişaf, elm, təhsil, mədəniyyət və s. sahələr üzrə yeni layihələr üçün zəmin formalaşdı. Azərbaycan Avrasiyanın mərkəzi geosiyasi aktorlarından birinə çevrilmiş oldu, eyni zamanda ölkəmizin Mərkəzi Asiya arasında strateji körpü missiyası daha da gücləndirildi. Azərbaycan Prezidentinin belə bir mühüm görüşdə iştirakı Avrasiyada yeni siyasi konfiqurasiyanın formalaşması reallığını təqdim etdi. Azərbaycan Mərkəzi Asiya ilə ortaq tarixi-mədəni irsi real siyasi mexanizmə çevirməklə regionun geosiyasi xəritəsində yeni mərhələnin əsasını qoydu. Azərbaycan Prezidenti görüşdə dedi: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir.

Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur".

Mədəni irsin qorunmasına, sivilizasiyalararası dialoqa və modern inkişafa töhfə verən ölkə

Görüş ölkələrimiz arasında əlaqələrin inkişafına, türk və islam dünyasının ortaq maraqlarına xidmət göstərən digər maraqlı proqramlarla da müşayiət edildi. Daşkəndə səfərinin ilk günü Azərbaycan Prezidenti digər liderlərlə birgə Özbəkistanın paytaxtında İslam Sivilizasiyası Mərkəzi ilə tanış oldu. Türk-islam mədəniyyətinin tarixi yaddaşını müasir elmi və texnoloji platformada təqdim edən bu mərkəz Azərbaycan üçün həm mədəni diplomatiyanın, həm də türk dünyası ilə əlaqələrin güclənməsinin vacib elementidir. Mərkəzlə tanışlıq həmçinin Mərkəzi Asiya və Azərbaycan arasında mədəni və mənəvi ortaq dəyərlərin regional siyasi proseslərə real təsir etməyə başladığını bir daha göstərdi. "Dünən biz İslam Sivilizasiyası Mərkəzini ziyarət etdik. Özbəkistan Prezidentinin təşəbbüsü ilə yaradılan bu mərkəz Özbəkistan Prezidentinin ölkənin zəngin mədəni irsinə sadiqliyinin daha bir göstəricisidir. Bəzi ölkələrdə dinimizə qarşı hücumların artdığı bir şəraitdə islamofobiya sistemli xarakter alır. İslam Sivilizasiyası Mərkəzinin açılması bütün dünyaya göstərir ki, islam quruculuq, dözümlülük, dostluq və qardaşlıq dinidir. İslam aləminin görkəmli nümayəndələri dünya elminə, mədəniyyətinə böyük töhfə veriblər və İslam Sivilizasiyası Mərkəzi bunu əyani şəkildə nümayiş etdirir. Əminəm ki, möhtəşəm və nadir ekspozisiyaları olan Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi bütün islam dünyası üçün qürur mənbəyinə çevriləcək", - Azərbaycan Prezidenti görüşdə bu məqamı xüsusi vurğuladı.

Eyni zamanda dövlətimizin başçısı cənab İlham Əliyevin noyabrın 15-də Daşkənddə keçirilmiş "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirakı da Azərbaycanın regional və qlobal səviyyədə yüksələn nüfuzunu əks etdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycanın yalnız enerji və geoiqtisadi layihələr ölkəsi kimi deyil, həm də mədəni irsin qorunması, sivilizasiyalararası dialoq və modern inkişafın təşviqi sahəsində qlobal aktor kimi rolu aydın göründü. Qeyd edək ki, ölkəmizdən bu mükafata görkəmli muğam ustası, Xalq artisti Alim Qasımov layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə iştirakı bütün cəhətləri üzrə tarixi bir hadisədir. Ölkəmizin Cənubi Qafqaz platformasında  əhəmiyyətli rolunu davam etdirməsinə paralel olaraq eyni zamanda Mərkəzi Asiya istiqamətində də fəaliyyətini genişləndirməsi zaman keçdikcə həm Azərbaycana, həm ümumən regiona mühüm töhfələr verəcəkdir. 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
88
50
azerbaijan-news.az

10Mənbələr